Ölkə başçısı Dövlət Bayrağının təsvirinin, Dövlət Himninin musiqisinin və mətninin,  Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb


Baxıldı : 53

Tarix : 2018-11-17 04:47:39


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.

Konstitusiya Qanununa əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

 

Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.

***

Prezident İlham Əliyev Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu imzalayıb.

Konstitusiya Qanununa əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

 

Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.