Ölkə başçısının  son iki ayda imzaladığı sosialyönümlü fərman və sərəncamlar xalqımız tərəfindən rəğbət hissi və minnətdarlıqla qarşılanmışdır


Baxıldı : 87

Tarix : 2019-03-07 05:38:17


Martın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük iclas zalında “Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır” mövzusunda yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Möhbalıyev demişdir ki, Respublika Prezidenti cənab İlham Əliyevin son iki ayda imzaladığı sosialyönümlü fərman və sərəncamlar xalqımız, onun tərkib hissəsi olan həmkarlar ittifaqı işçiləri, fəalları və üzvləri tərəfindən rəğbət hissi və minnətdarlıqla qarşılanmışdır. AHİK-in İcraiyyə Komitəsinin təklifinə əsasən, biz bu gün bu zala toplaşıb cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhalinin sosial həyatına göstərəcəyi təsiri və bu sənədlərə uyğun olaraq təşkilatımızın gələcəkdə atacağı addımları müzakirə edəcəyik.

Səttar müəllim bu sosial qayğının səbəblərini ilk növbədə hörmətli Prezidentin müdrik, populizmdən uzaq, real nəticələrə hesablanmış iqtisadi siyasəti, ikinci növbədə Prezident seçkiləri zamanı içdiyi anda sədaqəti, doğma xalqına sonsuz məhəbbəti ilə əlaqələndirdi. Səttar müəllim onu da deməyi özünə borc bildi ki, dövlətçiliyə, onun əsasında duran vətəndaşa diqqət ənənəsinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin miras qoyduğu ənənələri, o cümlədən xalqın rifah halının get-gedə daha da yaxşılaşdırılması siyasi xəttini önə çəkmək ənənəsini də hörmətli Prezidentimiz ləyaqətlə yaşadır və müasir dövrün tələblərinə uyğun inkişaf etdirir.

Giriş nitqinin sonunda S.Möhbalıyev zalda əyləşən qadınlara, onların timsalında bütün Azərbaycan xanımlarına 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xoş arzularını çatdırdı.

Sonra S.Möhbalıyev gündəlikdə duran mövzuda geniş məruzə etdi. (Məruzənin tam mətni qəzetimizin ikinci səhifəsində dərc olunub).

Tədbirdə digər çıxışlar da dinlənildi.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov dedi ki, əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlmiş islahatlar hələ 2015-ci ildən başlanmışdır. Həmin ilin noyabr ayında ölkə başçısının Sərəncamı ilə sahibkarlıq subyektləri lüzumsuz yoxlamalardan azad edilmiş, lisenziyalar ləğv olunmuş və icazələrin alınması prosedurları asanlaşdırılmışdı. Təbii ki, bunlar sahibkarlığın inkişafına, nəticədə sahibkarlıq subyektlərində çalışan insanların gəlirlərinin artmasına gətirib çıxarmışdır. Bu işçilərin böyük əksəriyyəti həmkarlar ittifaqı üzvləridir. Elə son fərman və sərəncamlar da ittifaq üzvlərimizin demək olar ki, hamısının, eləcə də, sahəmizin 86 min üzvünün həyatında müxtəlif dərəcədə özünü göstərmişdir.

H.Osmanov ölkə rəhbərliyinin həmkarlar ittifaqı təşkilatına da qayğısını minnətdarlıqla diqqətə çatdırdı. Dedi ki, son illərdə yüzlərlə həmkarlar ittifaqı işçisi və fəalı yüksək dövlət təltiflərinə layiq görülüb. AHİK sədrinin təklifinə uyğun olaraq, cənab Prezidentin Sərəncamı ilə Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə əlavələr edilmişdir.

Hörmətli Prezidentimizin 500-dən artıq çoxmərtəbəli binanın mülkiyyət sənədlərinin verilməsi haqqında imzaladığı sərəncam əsasında insanların həm  mülkiyyət hüququ təmin edildi, həm də Mənzil Kommunal Kooperativlərinin özbaşınalıqlarına son qoyuldu.

Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov da ölkə başçısının gənclər siyasətinə münasibət bildirdi: “Respublika Prezidentinin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar”.

Biz həmkarlar ittifaqı təşkilatı olaraq Prezidentin siyasətini daim dəstəkləyirik. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi, fakültə tələbə həmkarlar ittifaqı təşkilatının sədri Şəbnəm Qurbansoy isə tələbələrin təqaüdlərinin artırılmasını yüksək qiymətləndirdi. Bunun tələbələrin maddi, sosial problemlərinin həllində mühüm rol oynayacağını dedi. 

Milli Elmlər Akademiyasının Memarlıq və İnşaat İnstitutunun əməkdaşı Pərvanə Əliyeva Prezident İlham Əliyevin doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında imzaladığı Sərəncamın Azərbaycan gəncliyinin inkişafına xidmət etdiyini vurğuladı.

H.Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqı Komtəsinin sədri İlham Quliyev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Şurasının sədri Qönçə Abdullayeva, Bakı şəhəri 6 saylı Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinin sədri Raminə Ağayeva çıxış edərək Respublika Prezidentinin son iki ayda imzaladığı sərəncamları dövlətimizin uğurlu daxili siyasətinin təzahürü adlandırdılar.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi. (Müraciət qəzetimizin üçüncü səhifəsində dərc olunub)

Azər MUSTAFAYEV