Ölkədə sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdə Azərbaycan həmkarlar ittifaqlarının da xidməti var


Baxıldı : 149

Tarix : 2018-05-26 02:21:41


Mayın 21-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder arasında görüş olub. S.Möhbalıyev qonağa 100 illik yubileyi qeyd olunacaq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, eləcə də 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan ölkəmizin iqtisadiyyat, sosial sahədə uğurları, həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təbii ki, respublikamızdakı ictimai-siyasi sabitliyin mövcudluğunda və sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdə Azərbaycan həmkarlar ittifaqlarının da rolu az deyildir.  AHİK yarandığı gündən həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair ölkədə qəbul edilən qanun və proqramların, normativ sənədlərin işlənib hazırlanmasında  fəal iştirak edir. 1994-cü ilin fevralında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında “Həmkarlar ittifaqları haqqında” qanun qəbul edildi, bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı.

Bu gün AHİK sıralarında 1,5 milyonadək  həmkarlar ittifaqı üzvünü, 26 sahə həmkarlar ittifaqı  təşkilatını, 501 şəhər, rayon Hİ təşkilatı, 61 birləşmiş HİK, 10430 ilk həmkarlar ittifaqı təşkilatını birləşdirir.

Respublikamızda Beynəlxalq Əmək Təşkilatının vətəndaşların hüquqlarının qorunmasında xüsusi rol oynayan 58 konvensiyası ratifikasiya olunub. Sosial tərəfdaşlarla görülən işləri əlaqələndirmək məqsədilə keçən il Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmış və tərəfdaşlarla birgə hazırlanan Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

AHİK sədri görüşdə qonağın diqqətinə həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan bir sıra məsələləri çatdıraraq onların həllinə yardımçı olmağını da xahiş edib:

BƏT-in transmilli şirkətlər və sosial siyasətə dair prinsiplərin üçtərəfli yenilənmiş bəyannaməsinin yerlərdə tətbiq edilməsinin gücləndirilməsinə;

Yerlərdə yaşıl iş yerlərinin yaradılması istiqamətində aparılmalı olan işlərlə bağlı BƏT-in dəstəyi ilə maarifləndirici və təlimatlandırıcı tədbirlərin keçirilməsinə;

Məşğulluq və sülh naminə layiqli əməyin təmin edilməsi ilə bağlı BƏT-in 205 saylı Tövsiyəsinin tətbiqi ilə əlaqədar respublikada tədbirlərin keçirilməsinin dəstəklənməsinə.

Millət vəkili deyib ki, qarşıdan Beynəlxalq Əmək Təşkilatının 100 illik yubileyi gəlir. Hesab edirəm ki,  Siz bizim təklifimizi dəstəkləsəniz, regionlarımızda BƏT-in iştirakı ilə prioritet məsələlərlə bağlı seminarlar, Bakı şəhərində isə yekun konfrans keçirmək olar.

Sonra AHİK sədri Qay Rayderin nəzərinə onları maraqlandıran bir neçə sualı da çatdırıb. Bu, aşağıdakılardır:

1. Sifarişçilərin işəgötürən kimi tanınmasına münasibətinizi öyrənmək istərdik. Çünki bu gün sifarişlə işləyən işçilərin sayı durmadan artmaqdadır. Onların qeydiyyatı aparılmır və ən əsası isə onların hüquqlarının qorunması təmin edilmir.

2. Azərbaycan sərhədləri daxilində su hövzəsinin (Sərsəng su anbarı), Araz çayının qonşu dövlət- Ermənistanın sənaye obyektlərindən çirkab suların atılması nəticəsində zəhərli  maddələrlə çirklənməməsi üçün beynəlxalq sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələyə münasibətiniz.

3. Geni Modifikasiya Edilmiş Məhsulların bir ölkədən digərinə eksport  edilməməsi üçün beynəlxalq monitorinq keçirilməsinə və ya qadağan edilməsi barədə müvafiq tədbirlərin görülməsinə dair fikirləriniz;

4. Pensiyaya çıxmaq üçün ayrı-ayrı ölkələrdə müxtəlif yaş həddi müəyyənləşdirilir. Bir sıra hallarda demokqafik dəyişikliklərə müxtəlif yanaşmalar tətbiq edildiyindən pensiya yaşının orta göstəricilərində uyğunsuzlduqlar meydana çıxır. Bu baxımdan Tövsiyə formasında pensiya yaşına vahid yanaşmanın ortaya qoyulması mümkündürmü?

BƏT-in baş direktoru Qay Rayder Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan islahatlar, Üçtərəfli Komissiyanın fəaliyyəti haqqında sorğusu AHİK sədri Səttar Möhbalıyev tərəfindən cavablandırılıb.

***

Konfrans çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder xarici işlər naziri Elmar Məmmədyarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev ilə görüşüb, fikir mübadiləsi aparıblar.