“Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”


Baxıldı : 85

Tarix : 2018-08-17 21:32:52


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Əksər ekspertlərin də vurğuladıqları kimi, Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə xidmət edəcək. Bu, eyni zamanda, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Millət vəkili Sevinc Fətəliyeva bildirib ki, dövlətimizin başçısının Konvensiyanın imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz dəyərli töhfəsini verib. Müzakirələrin getdiyi bütün dövrlərdə, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərir, müxtəlif maneələr yaratmağa çalışırdılar. Çünki onlar bilirlər ki, bu sənəd Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”.

Millət vəkili Azər Badamov deyib ki, Konvensiyanın imzalanması tarixi bir hadisədir: “Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri bu Konvensiyada öz əksini tapıb. Eləcə də Xəzəryanı ölkələr bundan sonra Xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər. Onu da xüsusi olaraq qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzəryanı ölkələrin, eləcə də Azərbaycanın maraqlarına uyğundur”.

Millət vəkili Tahir Mirkişili söyləyib ki, dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. Bu sənəd Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda gətirəcək.

Deputat qeyd edib ki, İran Xəzərin bölünməsini “göl prinsipi” üzrə, yəni hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə “dəniz prinsipi” üzrə, yəni orta xətt ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunmasını, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Ötən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin Qazaxıstan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar.

“Bu məsələ ilə bağlı 22 il ərzində 5 sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi”, - deyə T.Mirkişili vurğulayıb.

Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi.

Azərbaycanın sənədin razılaşdırılmasındakı mühüm rolundan bəhs edən deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısının ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verdiyini ifadə edib.

T.Mirkişili deyib: “İndiyə qədər tənzimlənməyən Xəzərin hüquqi statusu Türkmənistan ilə Azərbaycan arasında sualtı Transxəzər Qaz Kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. Sənədə əsasən, ekoloji standartlar nəzərə alınmaqla, belə layihələr qonşu ölkələr arasında reallaşa bilər”.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bundan sonra hər bir ölkənin gəmiləri həm ümumi Xəzər hövzəsində sərbəst hərəkət edə, həm də dünya okeanına çıxış əldə edə biləcəklər:

“Bu, gəmiçilik və onunla bağlı olan sahələrin inkişafına böyük təkan verəcək, hər bir ölkə üçün çox sayda iş yerlərinin yaradılması, dənizlə bağlı sahələrin inkişafına, investisiya cəlb edilməsinə səbəb olacaq. Bu sazişlə dövlətlər həm də Xəzər dənizinin sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi barəsində razılıq əldə etmiş oldular. Bu isə mehriban qonşuluq siyasətinin daha da güclənməsi deməkdir. Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə zəngin olduğunu nəzərə alsaq, Konvensiyanın imzalanması ölkələrin bu istiqamətdə sərbəst hərəkət etməsinə, layihələr həyata keçirməsinə və bundan milyardlarla dollar gəlir əldə etməsinə imkan yaradacaq. Xəzərin hüquqi statusunun bu cür müəyyən edilməsi bütün dünyaya məsələlərin danışıqlar və mehriban qonşuluq siyasəti ilə həll edilməsinin mümkünlüyünü göstərdi”.