Ölkəmizdə vətənpərvər, milli düşüncəyə malik nəsil formalaşır


Baxıldı : 36

Tarix : 2019-02-11 04:24:00


2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilib. Əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Ölkəmizdə gənclər gününün qeyd olunması gənc nəslin problemlərinin həllinə xüsusi önəm verən,  gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, yüksək ideyalara malik gənclər formalaşır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov su təsərrüfatında çalışan gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi və motivasiyasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən gənc mütəxəssislərə Fəxri fərmanlar təqdim olunub.

Tədbir iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə ağacəkmə aksiyasında da iştirak edib.