Ölkəmizin həm gəlirləri artacaq, həm də beynəlxalq mövqeyi daha da güclənəcək


Baxıldı : 51

Tarix : 2018-06-02 02:33:17


Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsi ilə Azərbaycan daha bir tarixi nailiyyətə imza atıb. Avropanın enerji xəritəsini yenidən tərtib edən ölkəmizin qaz ixracı nəticəsində həm gəlirləri artacaq, həm də beynəlxalq mövqeyi daha da güclənəcək.

Açılış mərasimində iştirak edən ölkə başçısı bildirib ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək.

Cənub Qaz Dəhlizinə marağın artması və Avropanın qaz tələbatının ödənilməsi üçün gələcəkdə bura daha hansı ölkələr qoşula bilər?

Sualımızı iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb. O bildirib ki, mövcud şərtlər imkan verərsə, Türkmənistan və  İranın bu dəhlizə qoşulması müzakirə olunan məsələlərdir. Yaxın gələcəkdə bu ölkələrlə danışıqlar aparıla bilər. Digər ölkələrin qoşulması ona görə vacibdir ki, bu həm kəmərin rentabelliyini artıracaq, həm də xərclərin qısa zaman kəsiyində qarşılanmasına şərait yaradacaq. Ən əsası da tranzit ölkə olaraq ölkəmiz daha çox mənfəət əldə edəcək.

Dəhlizin reallaşmasından qazanan tərəflər həmçinin qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı yaranacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 40 milyard dollar sərmayənin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldilib. İlkin qiymətləndirmələrə əsasən, ölkəmizin “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənilməsindən əldə etdiyi gəlirin həcmi 100 milyard dollardan çox olacaq. Qeyd edək ki, bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Digər mühüm məsələ odur ki, Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına çıxara biləcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. İlk növbədə Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək. Danışıqlara görə, təxminən 1,5 milyard kubmetr qazı Bolqarıstan alacaq. Macarıstanın kəmərə qoşulması mümkündür, o da gələcəkdə mavi yanacaq idxal edə bilər. Yəni Cənubi Avropada mavi qaz xəttinin genişləndirilməsi imkanları var. Cənub Qaz Dəhlizi, xüsusən TAP layihəsi vasitəsilə daha çox mavi yanacaq Avropa bazarına çıxarılarsa, bundan faydalana bilən ölkələrin də sayının artması gözlənilir.   

V.Bayramov deyib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək: “Nəticə etibarilə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında  həm dəhlizin, həm də Xəzər hövzəsinin rolu artmış olacaq. Avropa iqtisadiyyatı stabil olduğu üçün Azərbaycanın dövlət gəlirlərinin daha stabil artmasına imkan yaradacaq. Bu layihə  başqa sahələrdə də Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.

Azər MUSTAFAYEV