On ildir k...


Baxıldı : 284

Tarix : 2016-05-13 05:32:00


On ildir ki, ailə qurmuşam. 3 il bundan əvvəl ev almışdıq. Ərim mənim xəbərim olmadan 3 ay olar ki, evimizi satıb, pulunu da nə edib, bilmirəm. Mən evimi qaytara bilərəmmi? Vəfa HÜMMƏTOVA,Sumqayıt şəhəri.- Ailə Məcəl ləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1. maddəsinə görə, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Qanunvericiliyə əsasən, ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydada təsdiq edilən və qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notarial qaydada təsdiq edilmiş razılığı lazımdır. Bu cür razılıq olmadıqda həmin əqd razılığı alınmamış şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.Qanunvericiliyin tələblərinə görə, əriniz evi satan zaman sizin notarial qaydada təsdiq olunmuş razılığınız vacib idi, bu razılıq olmadan notarius alqı-satqı müqaviləsinin bağlanmasına yol verməməli idi. Ona görə də siz həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edə bilərsiniz.Tikinti müəssisəsində fəhlə işləyirəm. Müdiriyyətlə əmək müqaviləsi bağlamışam. Sualım əməkhaqqı ilə bağlıdır. Sonuncu əməkhaqqımı əvvəlki aylara nisbətən az almışam. Mühasibatlıqdan bunun səbəbini soruşduqda tutulma ilə əlaqələndirdilər. Bilmək istərdim, mənə məlumat verilmədən bunun edilməsi nə dərəcədə düzgündür?Zahid QƏDİROV,Lənkəran şəhəri.- Sualınızdan məlum olur ki, tutqunun hansı səbəbdən olduğunu dəqiq bilmirsiniz. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əməkhaqqından tutulmalara 2 halda yol verilir. 1. Qanunvericilikdə nəzərdə tutulmuş aşağıdakı hallarda:- qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;- qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;- işəgötürən işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;- müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;- xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;- mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;- təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;- kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;- həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.2. İşçinin yazılı razılığı ilə və ya qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə.Eyni zamanda işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər.İcra sənədinə əsasən, işçinin əməkhaqqından tutulma əməkhaqqının 50%-dən artıq ola bilməz. Əgər əməkhaqqından tutulma ilə əlaqədar bir neçə icra sənədi olarsa, bu halda da əməkhaqqının ən azı 50%-i saxlanılmalıdır. Bəzi istisna hallar vardır ki, bu hallarda həmin müddəa tətbiq edilmir. Bu hallara alimentin ödənilməsi, islah işlərinin çəkilməsi, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi halları aiddir.Bundan başqa, işçinin öz ərizəsi ilə də əməkhaqqından tutulmalara yol verilir. Ərizədə göstərilən məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borcların ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər.Bir tikili almışam. Onun altındakı torpaq sahəsini ala bilərəmmi? Ümumiyyətlə, xahiş edirəm, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlandıqda torpaq sahəsi üzərində hüquqların əldə edilməsi barədə məlumat verəsiniz.Mənzər MİRZƏYEVA,Abşeron rayonu.- Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla Torpaq Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq keçir.Məcəllənin 88-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir.Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onlara satılmır, yalnız onların icarəsinə verilir.İşlədiyim müəssisə bağlanır. Bizi işdən çıxardırlar. Eşitmişəm ki, işçi işdən çıxanda ərizə yazıb məzuniyyətə gedə bilər və məzuniyyətin son günü işdən çıxa bilər. Amma mənim ərizəmi qəbul etmədilər, dedilər ki, belə olmaz, səbəbini də izah etmədilər. Xahiş edirəm, buna aydınlıq gətirəsiniz.Südabə SALMANOVA,Bakı şəhəri.- Ərizənizi qəbul etməməkdə haqlı deyillər. Belə ki, düzdür, Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdu ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin \ a\ və \ ç\ bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Amma Konstitusya Məhkəməsinin \ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğunluğu haqqında\ 23 fevral 2000-ci il tarixli qərarı ilə izah edilmişdir ki, \ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinin birinci hissəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Qanunvericinin bu göstərişlərinə görə, əmək məzuniyyətindən istifadə etmək hüququ işçilər arasında fərq qoyulmadan yaranır. Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsi isə həmin müddəalara zidd olaraq əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsini əmək müqaviləsinin ləğv edilməsinin əsasları ilə fərqləndirir. Belə fərqləndirmə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş, bərabərlik prinsipi ilə də uyğunsuzluq təşkil edir.Yuxarıda göstərildiyi kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin \ a\ bəndi müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutur. Müəssisənin ləğv edilməsi işçinin təqsiri üzündən deyil, işəgötürənin fəaliyyəti ilə bağlı olduğundan, bu əsaslarla əmək münasibətlərinə xitam verilərkən işçini onun heç bir təqsiri olmadığı halda məzuniyyət hüququndan məhrum etmək, barəsində cəza tədbirinin tətbiqi kimi qiymətləndirilə bilər.Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin müddəalarına görə, işçinin məzuniyyətdə olduğu müddət əmək stajına daxil edilir. Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsində nəzərdə tutulan istisnalar isə, bu qəbildən olan işçilərlə digər işçilər arasında ayrı-seçkilik yaratmaqla Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş bərabərlik prinsipini pozmuş olur\ .Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu Məcəllənin 70-ci maddəsinin \ a\ və \ ç\ bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnu məhdudlaşdıran müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir. Qərar 1 mart 2000-ci ildən qüvvəyə minmişdir.