On medal qazanıblar


Baxıldı : 47

Tarix : 2017-08-04 20:27:24


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib.

Çempionatda iştirak edən yığma komandalarımız ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

İlk yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərimizdən Tofiq Əliyev (42 kq.), Hacımurad Hacıyev (63 kq.) və Abdulmüslüm Mamedov (76 kq.) yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. Turan Bayramov (58 kq.) isə bürünc medal qazanıb. Üç gümüş və bir bürünc medal qazanan gənc sərbəst güləşçilərimiz komanda hesabında isə 61 xalla Avropa ikincisi olub. Rusiya birinci, Türkiyə yığması isə çempionatı üçüncü sırada tamamlayıb.

Gənc qızların mübarizəsində isə komandamızın üzvləri yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub. Şahanə Nəzərova (38 kq.) bütün rəqiblərindən üstün olaraq çempionatın qızıl medalını qazanıb. Bürünc medalı isə yığmamıza Yasəmən Məcidli (43 kq.) qazandırıb.

Son yarış günlərində mübarizəyə qoşulan yunan-Roma yığmamızın üzvləri 3 qızıl və 1 bürünc medala sahib olub. Qızıl medalları yığmamıza Həsrət Cəfərov (42 kq.), Zaur Əliyev (46 kq.) və Asim İmanzadə (69 kq.) qazandırıb. Həsən Məmmədli (58 kq.) isə bürünc medala sahib olub.

Xatırladaq ki, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam yarış qaydalarında edilən bəzi dəyişikliklərin burada test edilməsi olub. Belə ki, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Proqrama əsasən, ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsələr də, ikinci yarış günündə onlara normadan 2 kq. artıq çəkidə güləşməyə icazə veriləcək.

Azər MUSTAFAYEV