Ongünlük kurs başa çatıb


Baxıldı : 51

Tarix : 2017-11-04 04:34:06


Oktyabrın 13-dən azad həmkarlar ittifaqı sədrləri üçün keçirilən 10 günlük kurslar sona çatıb. Qruplarda əsas diqqət ilk dəfə seçilmiş həmkarlar ittifaqı sədrlərinə yetirilib. Təlim prosesində onlar həmkarlar ittifaqının aktual problemləri ilə bağlı bir sıra məlumatlara yiyələniblər: "Həmkarlar ittifaqları işinin təşkili", "Həmkarlar ittifaqlarında hesabat-seçki kampaniyası: problemlər, xarakterik xüsusiyyətləri, həyata keçirilməsi yolları", "Əmək mühafizəsi  üzrə səlahiyyətli şəxslər haqqında təlimat", "Əməyin mühafizəsi işçilərinin hüquqlarının  təminatında həmkarlar ittifaqının  rolu və yeri", "Kollektiv müqavilə sosial tərəfdaşlıq forması və  sosial-əmək münasibətlərinin  tənzimlənmə vasitəsi kimi", "Həmkarlar ittifaqı və informasiya işi : əsas istiqamətlər, perspektivlər", "Həmkarlar ittifaqının müdafiə funksiyası: kimi müdafiə edirik, kimdən və nə üçün?".

Həmçinin onlara muzdlu işçilərin, həmkarlar ittifaqı üzvlərinin hüquqlarının müdafiəsi  ilə bağlı bir sıra  qanunlar barədə bilgi verilib. Praktiki məşğələlərdə test formasında aparılan "İstirahət vaxtı və iş vaxtı", "Əmək intizamı", "Fərdi və əmək mübahisələri", "Kollektiv müqavilələr və kollektiv danışıqlar" kimi mövzular qanunvericilik bazasının mənimsənilməsinə xidmət edib.

Kurs dinləyiciləri "AzTelekom" İstehsalat Birliyində olublar. Birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Bəylər Qurbanov həmkarlar ittifaqı fəallarına təşkilatın fəaliyyəti və  strukturu barədə məlumat verib. 

Kurslara mühazirəçi qismində nazirlik və digər dövlət qurumlarının mütəxəssisləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və məsul işçiləri cəlb olunub. Dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən söylənən mühazirələrin dialoq, diskussiya formasında qurulması məşğələlərin müvəffəqiyyətini daha da artırıb.

Kursların sonunda dinləyicilərlə tədris olunan mövzular ətrafında müsahibələr keçirildi. Onlara sertifikatlar verildi.

Azər MUSTAFAYEV