“Onlar hər cür diqqət və qayğıya layiqdirlər”


Baxıldı : 57

Tarix : 2017-10-14 05:21:14


Oktyabrın 11-də “Şereton Baku Airport Hotel"in akt zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XXV Konfransı keçirilmişdir. Konfransda Hİ Respublika Komitəsinin sədri Bəkir Yusifovun məruzəsi dinlənilmişdir.

 

O, mülki aviasiya sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlardan söz açmışdır. Demişdir ki, hesabat dövründə aviasiya işçilərinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılması, iqtisadi mənafelərinin və əmək hüquqlarının qorunması, sosial güzəştlər sisteminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Məlum devalvasiyaya baxmayaraq, sahə işçilərinin əməkhaqlarını sabit şəkildə saxlamaq mümkün olmuşdur.

Bütün bu məsələlər "Azərbaycan Hava Yolları" QSC və Respublika Komitəsi arasında bağlanmış sahə kollektiv sazişdə əksini tapıb.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sahə, idarə, müəssisə və təşkilatlarında çalışan müharibə, əmək, silahlı qüvvələr, Çernobıl və hüquq-mühafizə orqanları veteranlarının həyat təcrübəsindən istifadə etmişik. Vaxtaşırı onların gənclərlə görüşü təşkil olunub. Bundan əlavə, veteranların təntənəli şəkildə keçirdiyimiz ad günlərinə gənclər də dəvət edilib.

Məruzəçi daha sonra qeyd edib ki, hesabat dövründə sanator-kurort və istirahət mərkəzlərinə 2117 nəfərə yollayış verilmişdir. Yollayışın ümumi məbləğinin 15%-ni işçi ödəməli olduğu halda, bu məbləğ, sahə kollektiv sazişinə əsasən, QSC tərəfindən ödənilib.

Yay mövsümündə 5494 işçinin ailəsi ilə birlikdə 3-5 günlük istirahətləri təşkil edilmişdir. İstirahətə gedənlərin xərclərini ilk həmkarlar ittifaqları öz üzərinə götürmüşdür.

Həkimin təyinatı ilə respublikadan kənara müalicəyə göndərilən hər bir uçuş heyəti üzvünə 700 manat məbləğində maddi yardım göstərilmişdir. 2012-2017-ci illər ərzində Uçuşların İstehsalı İdarəsinin 155 nəfər uçuş heyət üzvü bu imkandan bəhrələnmişdir.

Qarabağ müharibəsi veteranı, I qrup əlil Habil Əhmədova, şəhid Rəsul Rəsulovun oğlu Ədalətə və digərlərinə maliyyə köməkliyi göstərilir.

Bəkir müəllim sahə həmkarlar ittifaqı tərəfindən işçilərin əmək hüquqlarının qorunması və sair istiqamətlərdə görülən işlərə də məruzədə geniş yer ayırdı.

Məruzə ətrafında çıxışlarda ittifaqın fəaliyyətindən razılıqla danışdı.

Konfransda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında mülki aviasiyanın rolunu yüksək qiymətləndirdi. Bildirdi ki, bu sahədə çalışan insanların əməyi riskli və olduqca məsuliyyətlidir. Onlar hər cür qayğıya layiqdirlər. Biz fəaliyyətimizdə bunu nəzərə alırıq. Bir faktı deyim ki, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə hər il sanatoriyalara, istirahət mərkəzlərinə normada nəzərdə tutulduğundan qat-qat çox yollayışlar ayırırıq. Respublika Komitəsi də yollayışları ilk təşkilatlar arasında bölür.

Səttar müəllim dedi ki, biz yollayışları verməklə üzvlər qarşısında vəzifəmizi bitirmiş hesab etmirik. Çalışırıq ki, üzvlərimiz bu yollayışlarla getdikləri sanatoriyalarda yüksək səviyyədə müalicə alsınlar, ən müasir istirahət mərkəzlərində dincəlsinlər. Ona görə də balansımızda olan sanatoriyalar, demək olar ki, yenidən qurulub. Buna baxmayaraq, hər birində vaxtaşırı cari təmir işləri aparılır.

Səttar müəllim nümunə kimi "Şıx" sanatoriyasının adını çəkdi. "Bu sağlamlıq ocağı indi təsəvvürəgəlməz dərəcədə yenilənmişdir. Dünyanın istənilən sanatoriyası ilə rəqabət apara bilər", - dedi.

AHİK sədri mövzunun davamı olaraq bir məsələni də diqqətə çatdırdı: "Üzvlərimizin tələbatını nəzərə alaraq istirahət mərkəzləri şəbəkəsini genişləndirməliyik. Bu istiqamətdə iş gedir. Artıq 6 sahə Respublika Komitəsinin ölkəmizin səfalı guşələrində istirahət mərkəzi var. Biz istəyirik ki, bütün sahə həmkarlar ittifaqlarının öz istirahət mərkəzi olsun". S.Möhbalıyev digər məsələlərə də toxundu.

QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov çıxışında işçilərin sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqının rolunun əvəzsiz olduğunu qeyd etdi. Bildirdi ki, cəmiyyətin rəhbərliyi ilə sahə Hİ Respublika Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur.

Çıxışlar bitdikdən sonra təşkilati məsələyə baxıldı.

B.Yusifov yenidən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçildi. Sonra bir qrup işçiyə mükafatlar təqdim olundu.

Konfransın işində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov iştirak etdi.

Bəyalı RZAYEV