Onların da qayğıya ehtiyacı var


Baxıldı : 301

Tarix : 2015-12-19 05:32:00


Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da səfil həyat tərzi sürən insanlar var.Düzdür, bir sıra ölkələrlə müqayisədə bizdə onların sayı o qədər də çox deyil. Onlar hava şəraitindən asılı olmayaraq küçələrdə gecələmək məcburiyyətindədirlər. Son günlər isə ölkə ərazisində hava şəraitinin soyuması küçələrdə səfil həyat tərzi keçirən insanlar üçün yaşayış yeri problemini yenidən aktuallaşdırıb. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ, İngiltərə və Kanadada səfillər, tüfeyli həyat sürənlər üçün sosial sığınacaqlar, gecəqondular, soyuqlar düşdükdə isə yüzlərlə isinmə məntəqəsi yaradılır. Bu insanlara dövlətlə yanaşı, ayrı-ayrı imkanlı vətəndaşlar da xüsusi qayğı göstərirlər. Belə ki, təşkilatlar, sosial qruplar tərəfindən keçirilən xeyriyyə aksiyalarından toplanan vəsaitlər səfillərin ehtiyaclarına yönəldilir. Eyni zamanda bu işdə yerli icra orqanları, bələdiyyələr də kifayət qədər fəaldılar. Sosial sığınacaqlar isə bələdiyyələrin balansında fəaliyyət göstərir. Azərbaycanda da bu sahədə yaxşı nümunələr olub. XX əsrin əvvəllərində yaşamış Bakı milyonçuları Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və digərləri xeyriyyə cəmiyyətlərinin təşkilatçıları idilər. Nəriman Nərimanov hesablamışdı ki, H.Z.Tağıyev xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib. Bugünkü meyarlarla ölçülsə, həmin məbləğ yüz milyonlarla dollara bərabərdir. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında \ El atası\ adlandırırdılar. Lakin təəssüflə qeyd etməliyik ki, artıq uzun müddətdir Azərbaycanda xeyriyyəçiliklə məşğul olan imkanlı adamların sayı bəlkə də barmaqla sayılacaq qədərdir.Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 500 nəfərə yaxın adam səfil həyat sürür. Onlar daha çox paytaxtda cəmləşib və yarıtikililərdə məskunlaşıb. Qeyd edək ki, bu insanların həyatı xüsusilə qış aylarında daha dözülməz olur. Hətta soyuq hava şəraitinə dözməyən səfillərin bəzisi həyatlarını da itirir. 2011-2012-ci illərdə Azərbaycanda sosial sığınacaqların qurulması təcrübəsi olmuşdu. Biz müxtəlif QHT-lərlə bu məsələ ilə bağlı əlaqə saxladıq, etika xətrinə adlarını çəkmirik, amma onların hamısı laqeydliklə \ biz bu işlə meşğul olmuruq\ dedilər. Və söhbətin davam etməsinə imkan vermədilər. Əlbəttə, onların çadır qurmaq səlahiyyətinin, borcunun olmadığını biz də bilirik. Sadəcə, vətəndaş borclarını xatırlatmaq istəyirdik. O borcu ki, aldıqları qrantı gözləri qabağına gətirib səfil, qışın qarında, payızın yağışında belinə kisə sarıyıb üstünə salaraq örtüb yatan səfillərə gün ağlamağı, sığınacaq yaratmağı müvafiq hökumət orqanlarından tələb etsinlər. Ən azı bu barədə təşəbbüs qaldırsınlar.Günel RAFAYILQIZI