“Onlar yüksək yerlər tutaraq, mötəbər arenalarda bayrağımızı dalğalandıracaqlar”


Baxıldı : 131

Tarix : 2017-05-13 02:59:34


Yarışlarda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə

daxil olan idman cəmiyyətlərinin və klublarının idmançıları da iştirak edirlər

Mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mayın 22-dək davam edəcək yarışda komandamız bütün idman növlərində mübarizə aparacaq.

İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib.

IV İslam Həmrəyliyi Oyunlarının Ba

kıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması  müşahidə olunmayıb.

Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçiriləcək (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi, uşu və zorxana). Yarışların proqramında bəzi yeni idman növləri də var. Əvvəlki İslamiadalardan fərqli olaraq bu dəfə zorxana, güləş, cüdo, boks, atıcılıq, paracüdo, paraatletika, bədii və idman gimnastikası yarışları keçiriləcək. Bunadək basketbolun klassik növü üzrə yarışlar təşkil edilirdisə, Bakı-2017-də 3X3 üzrə qaliblər bəlli olacaq. Klassik basketbolun yoxluğunda, komanda idman növlərindən su polosu, voleybol, həndbol və futbol üzrə mükafatçılar müəyyənləşəcək.

Atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır.

Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur - 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

Qaliblərə 1600 medal təqdim ediləcək.

Yarışlarda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə daxil olan idman cəmiyyətlərinin və klublarının idmançıları da iştirak edirlər. Yeddi idmançımız bu beynəlxalq yarışda ali mükafatlar uğrunda mübarizə aparacaq. Onları sizə təqdim edirik. 

"Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin iki yetirməsi Yevgeniy Kasılyov və Alyona Xeyrutdinova atletika yarışlarında  iştirak edəcəklər.

Ağır atletika yarışlarında isə cəmiyyətin digər yetirməsi Nailxan Nəbiyev qüvvəsini sınayacaq. Qeyd edək ki, ağır atletika üzrə Azərbaycan yığma komandasının heyətinə  8 qadın və 8 kişi atletimiz daxildir. Ağır atletika üzrə yarışlar 13-17 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq.

Mayın 13-dən 16-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək cüdo yarışlarında millimizi təmsil edəcək "Atilla" İdman Klubu İctimai Birliyinin üç yetirməsi Rüstəm Orucov ( 73 kq.), Elmar Qasımov ( 100 kq.) və Orxan Səfərov ( 60 kq.) da digər həmkarları kimi qızıl medal uğrunda mübarizə aparacaqlar. 

"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin idmançısı Cəbrayıl Həsənov (74 kq.) sərbəst güləş üzrə yarışlarda iştirak edəcək. Buna qədərki mötəbər turnirlərdə uğurlu çıxışı onun da fəxri kürsüdə yer tutacağına əminlik yaradır.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir Əliyev deyib ki, Azərbaycan mayın 12-22-də Bakıda baş tutacaq yarışa tam hazırdır: "İslamiadanın ölkəmizdə keçirilməsindən qürur hissi duyuruq. Düşünürük ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Ölkəmiz oyunlarda güclü heyətlə təmsil olunur. Təşkilati işlər yüksək səviyyədə həll olunub. Atletlər üçün hər cür şərait yaradılıb. Artıq Oyunların yarışları da başlayıb. İlk nəticələr var və bu, çox sevindiricidir. İdmançılarımızın müvəffəqiyyətlə şıxış edəcəyinə əminik. Beynəlxalq arenalarda qazanılan uğurlar, nailiyyətlər bunu deməyə əsas verir. Eyni zamanda yetirmələrimizdən də ancaq qalibiyyət gözləyirik. Ümidvarıq ki, onlar yüksək yerlər tutaraq, mötəbər arenalarda bayrağımızı dalğalandıracaqlar. 

Xatırladaq ki, Prezident İlham Əliyev "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

İdmançıları və onların məşqçilərini IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə imzalanan Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat məbləğində mükafat veriləcək.

IV İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasına düşəcək idmançılar Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən də mükafatlandırılacaqlar. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, idmançılar və onların məşqçiləri üçün mükafatlar aşağıdakı qaydada müəyyən edilir:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Azər MUSTAFAYEV