“Onların hüquqlarının müdafiəçisi olacağıq"


Baxıldı : 43

Tarix : 2017-10-14 03:52:55


"Unite" Həmkarlar İttifaqı hərbi texnika istehsal edən "BAE System" fabrikinin 1915 işçisinin ixtisaradüşmə planını ictimaiyyətə açıqladıqdan sonra hər bir çalışan üçün mübarizə aparacaqlarını bildirib. Planın gerçəkləşəcəyi təqdirdə istehsal sektorunun böyük zərərə uğrayacağı, İngiltərənin əmək bazarında mənfi iz buraxacağı qeyd edilib. İttifaqdan mətbuata verilən açıqlamada hərbi texnikanın idxalına xərclənən pulun normadan çox olduğu, istehsala investisiya ayıraraq tələbatın bu sahə hesabına ödənilməsinin iqtisadi və siyasi üstünlükləri məsələsinə toxunulub. Bildirilib ki, yeni nəsil hərbi təyyarələr və gəmilərin maddi təminatı həll edilərək, ölkədə emalına imkan yaradılmalıdır.

Məsələyə münasibət bildirən "Unite"nin baş katibinin müavini Stiv Turner ixtisar planının təkcə İngiltərənin regiondakı hərbi qüdrətinə deyil, iqtisadiyyatına da ağır zərbə vuracağını deyib. O qeyd edib ki, ölkənin müdafiəsi üçün texnikanın xarici ölkələr hesabına təminatı yolverilməzdir: "Hərbi hava və hərbi dəniz qüvvələri bu ixtisar planlarının cəriməsini daha sonrakı illərdə ödəyəcək. Plan həmçinin əmək bazarında narahatlıq yaradır. Fabrikdə çalışanlar bu sahənin birinci dərəcəli işçiləridir. Biz onların hər birinin hüququnun müdafiəsi üçün mübarizə aparacağıq. Hökumətdən tələbimiz dövlətin müdafiə sənayesindəki özəlləşdirmənin qarşısının alınması, istehsala yetərli investisiya yatırılmasıdır. Bu addım 2020-ci ilə qədər müdafiə sahəsində xərclənən pulun 25 faizinin ABŞ fabriklərinə getməsini önləyə bilər. Bununla eyni zamanda xarici qüvvələrdən asılılığımıza da imkan yaratmamış olarıq".

 Cavid SƏFƏROV