OPEK ölkələri iki cəbhəyə bölündü


Baxıldı : 279

Tarix : 2015-02-28 03:09:00


Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və bu prosesin davam etməsi neft ixrac edən ölkələr arasında narazılıqları gücləndirib. Hasılatçı ölkələrin təşkilatı olan OPEK-də cəbhələşmə yaranıb və neftin qiymətinin ucuzluğuna qarşı çıxan ölkələrin sayı daha çoxdur. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, İraq istisna olmaqla, demək olar ki, bütün OPEK dövlətləri əks cəbhədə yer alıblar. Onlar artıq vəziyyətin bu cür davam etməsinin daha ciddi itkilərə yol açacağından ehtiyat edərək təcili bu təşkilatın növbədənkənar toplantısının keçirilməsini və hasılatın azaldılması ilə bağlı qərarın qəbul olunmasını tələb edirlər. Dezani Əl-Maduki bildirib ki, OPEK-dəki güc mərkəzi olan ərəb ölkələrindən başqa, digər bütün dövlətlər neftin hazırkı qiymətindən narazıdır. Dezani Əl-Maduki mart ayında bu prosesin indiki templə, yəni neftin bir barelinin 55-60 dollar civarında satışının davam etməsi halında təcili qərar qəbul olunmasının vaciblıiyini diqqətə çatdırıb. Nigeriyanın neft naziri deyib ki, növbəti 6 həftə ərzində qiymətlərin ən azı 25-30 faiz bahalaşması baş verməzsə, OPEK-in təcili iclası keçirilə bilər. Toplantıda dərhal hasılatın 3 milyon barel azaldılması barədə qərar qəbul olunmalıdır. Bu addım neftin qiymətinin 80 dollara çatmasına səbəb olar. Hesablamalara görə, dünya bazarında gündəlik neft ixracının 1 milyon barel azaldılması qiymətlərin 5-6 dollar bahalaşmasına gətirib çıxarır. Ona görə də hasilatın 28 milyon bareldən 25-26 milyona endirilməsi məqsədəuyğun hesab edilir. Amma bu məsələdə Qərbin maraqlarından çıxış edən Səudiyyə Ərəbistanı, Küveyt və Qətər kimi dövlətlərin yekdillik nümayiş etdirəcəyi də sual altındadır. ELBRUS