OPEK neft hasilatını yenə azaltmadı


Baxıldı : 232

Tarix : 2015-10-23 02:29:00


Dünən Neft İxrac edən Ölkələr Birliyinin ( OPEK) Avstriyanın paytaxtı Vyanada iclası keçirilib. Konfransda Rusiya, Meksika, Qazaxıstan, Braziliya və Kolumbiya kimi qeyri-OPEK ölkələri təmsil olunub. Təşkilatın baş katibi Abdallah əl-Badri dünya neft bazarında netin qiymətinin aşağı düşməsini narahatlıq yaradan hal kimi qiymətləndirib və bu prosesin əksər ixracatçı ölkələrin iqtisadiyyatına ciddi zərər vurduğunu diqqətə çatdırıb. Digər çıxış edən OPEK ölkələrinin nümayəndələri neftin hasilatını azaltmağı və bu vasitə ilə yanacağın bir barelinin qiymətinin 70 dollara qaldırılmasının mümkünlüyünü xatırladıblar. Venesuelanın neftin qiymətinin artırılmasına dair təklif etdiyi yeni strategiyası olacaq. Venesuela rəsmiləri bildirir ki, bu strategiya sayəsində neftin qiymətini 70 dollara qaldırmaq mümkündür. Nigeriya, Əlcəzair , Anqola və Ekvador da bu təklifə qoşulub. Onlar hazırkı qiymət məsələsində siyasi amillərin olduğunu, Avropa və ABŞ-ın nüfuz dairəsində olan dövlətlərin sayəsində qiymətlərin aşağı düşməsinə diqqəti yönəldiblər. OPEC üzvləri ilə yanaşı, təşkilata daxil olmayan ölkələrin əksəriyyəti də qiymətlərin aşağı olmasına baxmayaraq, hasilatı azaltmaq təkliflərinə müsbət yanaşmayıblar. Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Venesuelanın bu təklifini müdafiə etməyiblər. Hətta İran da hasilatın azalmasına dəstək verməyib. Onlar belə bir arqumentlə çıxış ediblər ki, hasilatın azaldılması neft emalı prosesində müəyyən çətinliklərə gətirib çıxara bilər. Belə ki, hasilat azalandan sonra onu yenidən bərpa etmək texniki baxımdan problemlər yaradır. İclasda yekun qərar qəbul olunmayıb və neftin hasilatı əvvəlki tək yüksək olaraq qalacaq. Bu isə neftin qiymətinin gələn il 45-55 dollar civarında olacağını şərtləndirir.Tədbirə Azərbaycan, Norveç və Omandan nümayəndə dəvət olunsa da, bu ölkələrdən iclasa qatılan olmayıb.ELBRUS