Ordu ilə sıx təmasda


Baxıldı : 49

Tarix : 2017-01-06 22:50:26


Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) VI  plenumuna məruzədə ordumuz, eləcə də bütün xalqımız üçün yaddaqalan hadisələrdən olan aprel döyüşləri xüsusi qeyd edildi.

Məruzə ilə çıxış edən BHİK sədri Abiyat Ağadadaşova dedi ki, aprel ayında Ermənistan ordusunun təxribatına cavab olaraq təmas xəttində hərbi bölmələrimiz düşmənə əks-hücumla ağır zərbə endirdi.

İki min hektara yaxın ərazi işğalçılardan geri alındı. Strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinə müqəddəs bayrağımız sancıldı.

Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi və üzvləri düşməndən azad edilmiş yüksəkliklərə gedərək əməliyyat iştirakçıları ilə görüşdülər, onlara mənəvi dəstək oldular. Azərbaycan bayrağı, nəfis tərtibatda çap edilmiş “Qurani-Kərim”in yeni nüsxələrini, çoxsaylı hədiyyələri və dadlı nemətlərimizdən ibarət sovqatları cəsur Vətən oğullarına çatdırıblar. Təşkilatın nümayəndələri mayın 4-də isə Baş Klinik Hospitalın Qan Bankında könüllü qanbağışlama aksiyası keçiriblər. Bu aksiyada 120 nəfər HİK üzvü donor kimi qan verib. Həmçinin hospitallarda müalicə olunan zabit və əsgərlərimizi ziyarət edib, şəhidlərimizin dəfn mərasimlərinə qatılıblar.

Sonra Abiyat xanım plenum üzvlərinə komitənin son bir ildə göstərdiyi fəaliyyətin digər istiqamətləri barədə hesabat verdi. Dedi ki, komitənin tərkibində olan 77 təşkilatdan 65-də kollektiv müqavilə imzalanıb, 12 təşkilatla isə danışıqlar aparılır.

Komitə sədri bildirdi ki, il ərzində 44 nəfərə sanator- kurort yollayışı, 66 nəfərə isə ailəsi ilə birlikdə büdcə hesabına istirahət evlərinə və turist bazalarına yollayışlar verilib. 500 nəfərdən artıq işçinin ölkəmizin səfalı, tarixi bölgələrinə kütləvi gəzintiləri təşkil edilib.

Ehtiyacı olanlara maddi yardım göstərilib. Yeni il və Novruz bayramlarında ittifaq üzvlərinin azyaşlı övladlarına pulsuz hədiyyəli biletlər paylanıb.

9 May-Qələbə Günü münasibətilə İkinci Dünya müharibəsi veteranları ilə bayram süfrəsi arxasında görüşlər keçirilib, onlara pul mükafatları təqdim olunub. Komitə Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyin valideyn himayəsindən məhrum olan 7 nəfər müdaviminin hər birinə ayda 50 manat təqaüd ayırır.

Bütün bu və digər tədbirlərin nəticəsidir ki, sıralarımız xeyli genişlənmişdir. Daha dörd müəssisədə ilk həmkarlar ittifaqı yaradılmışdır. Üzvlərimizin sayı isə 1000 nəfərdən də çox artmışdır.

Qarşıda duran vəzifələrdən danışarkən məruzəçi dedi, martda komitənin 50 illik yubileyi qeyd olunacaq. May ayında BHİK-də hesabat-seçki konfransı keçiriləcək.

Məruzə ətrafında çıxışlar dinlənildi.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti, polkovnik Rauf Dəmirov BHİK-in hesabat dövründə fəaliyyətini, həmkarlar ittifaqı təşkilatının ordu hissələrilə sıx təmas şəraitində fəaliyyət göstərməsini yüksək qiymətləndirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Əbülfət Məhərrəmov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Aida Əliyeva və başqaları çıxış edərək BHİK-ə növbəti hesabat ilində də uğurlar arzuladı.

Bəyalı RZAYEV