Ordumuz dövlət müstəqilliyimizin dayağıdır


Baxıldı : 73

Tarix : 2019-04-05 18:47:48


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin bir qrup əməkdaşı Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Füzuli rayonunun Horadiz qəsəbəsindəki “N” saylı hərbi hissəsində olublar.

Görüşdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan ordusu dövlət müstəqilliyimizin dayağıdır” sözləri ilə başlayıb. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda böyük irəliləyiş, inkişaf baş verib. Hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində də uğurlu siyasət həyata keçirilir.

M.Cəfərzadə vurğulayıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və TİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə hər il əlamətdar günlərdə hərbi hissələrdə əsgərlərlə görüşlərin təşkil edilməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təkan verir.

Tədbirdə digər çıxışlar da dinlənilib. Çıxışlarda qeyd edilib ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, orduda da Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan Ordusu lazımi döyüş hazırlığına malikdir və qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirməyə qadirdir.

Tədbirdə çıxış edən sərhədçilər Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Respublikasının dövlət sərhədlərini qorumaqdan şərəf və qürur duyduqlarını bildiriblər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, işğal altındakı torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həmkarlar ittifaqı təşkilatlarının özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə davam etdirilib.

Hərbi hissəyə əsgər və zabitlərin istifadəsi üçün ləvazimatlar və bayram sovqatları verilib.

Qonaqlar həmçinin Cəbrayıl rayonunun şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub, məktəbin müəllim-şagird heyəti ilə görüşüblər. Şagirdlərə bayram hədiyyələri və dərs ləvazimatları təqdim edilib.