Ordumuz qürurumuzdur


Baxıldı : 154

Tarix : 2018-06-22 23:27:47


Çar Rusiyası tərkibində azərbaycanlıların bu imperiyanın ordusunda xidmət etməsinə müəyyən məhdudiyyətlər olmasına baxmayaraq, XX əsrin əvvəllərində bu ordu tərkibində azərbaycanlı zabitlərin və generalların yeni bir nəsli yetişdi, sonradan onların böyük bir hissəsi müstəqil Azərbaycanın ordu quruculuğunun kadr bazasını təşkil etdi.

Beləliklə, müstəqillik əldə etdikdən sonra 1918-ci ildə Azərbaycanda ordu quruculuğunun əsası qoyuldu.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər gördü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. AXC yaranan zaman Azərbaycanda milli ordu tamamilə yox idi. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir proses olmasına baxmayaraq, yeni müstəqil olan dövlət bunun öhdəsindən gəlməyə çalışdı. Ordusuz dövlət yaşaya bilməzdi. Azərbaycanı parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. General Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdu. Məhz onların rəhbərliyi və fəal iştirakı ilə Azərbaycanda hərb sənətinin dirçəldilməsi, döyüş ənənələrinin və vətənpərvərlik ruhunun bərpası mümkün olmuş, Bakı və Azərbaycanın digər bölgələri həmin dövrdə də öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyən erməni-daşnak quldurlarının təcavüzündən xilas edilmişdi. 1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdu. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olunmuşdu.

Lakin, təəssüf ki, 1920-ciil ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi. 

Sovet hakimiyyəti illərində Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyət verilməsi, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlaması ümummilli lider Heydər Əliyevin tarix boyu unudulmayacaq müstəsna xidmətidir. 

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzbəüz qaldı. Müstəqilliyin ilk illərində ordu quruculugunda yol verilən səhvlər Ermənistanla apardığımız müharibədə acı məğlubiyyətlərlə nəticələndi. 1993-cü ildən sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Həmin ilin sonlarından etibarən Silahlı Qüvvələrdə struktur və kadr dəyişiklikləri həyata keçirilməyə başlanıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin ordusuna ən böyük tarixi qiyməti məhz ulu öndər Heydər Əliyev verib. 1918-ci il iyunun 26-nı - milli ordunun yaranması gününü Azərbaycan Silahlı Qüvvələri günü kimi təsis edib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.

Uzun müddətdən bəri davam edən müharibə vəziyyəti, torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi ölkəmizdə güclü hərbi sənaye kompleksinin yaradılmasını şərtləndirmiş, son illərdə bu sahədə diqqətəlayiq nailiyyətlər əldə edilmişdir. Azərbaycan öz Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək istiqamətində ciddi və səmərəli tədbirlər həyata keçirir.  Ölkə rəhbərliyi milli hərbi sənaye potensialının artırılması, müasir müdafiə texnologiyaları, ən yeni hərbi texnika növləri istehsalı sahəsində onun imkanlarının genişlənməsinə, ümumilikdə müdafiə sənayesinin inkişafına böyük diqqət yetirir.

Hazırda Azərbaycan Ordusunun ixtiyarında elə silah növləri, hərbi texnikalar, aviasiya parkı mövcuddur ki, Ermənistanın yaxın gələcəkdə analoji texnikaya yiyələnmək ehtimalı belə görünmür.

Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur. Ermənilər artıq  yaxşı bilirlər ki,  bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi səngərdə - düşmənlə üz-üzədir. Demək olar ki, hər gün cəbhə xəttində atəşkəsin pozulması halı baş verir. Azərbaycan Respublikası düşmən tapdağı altında qalan ərazilərinin işğaldan azad olunması üçün hər an müharibəyə başlaya bilər. Bunu dəfələrlə Ali Baş Komandan İlham Əliyev də bəyan edib. Dövlət başçısı Azərbaycanın məsələnin diplomatik və siyasi çərçivədə həllində maraqlı olan tərəf olduğunu, ancaq eyni zamanda bütün başqa variantlara da hazır olduğunu bildirib.

Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. İki il bundan əvvəl Azərbaycan Ordusu işğal altında olan torpaqların  - Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtdılar.

Bir neçə gün bundan əvvəl isə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi və ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verdi.