Ordumuzla fəxr edirik


Baxıldı : 178

Tarix : 2018-06-30 04:09:40


İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

Paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı: “Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, hərbi parad Azərbaycan ordusunun hazırkı vəziyyətinin gözəl göstəricisi oldu.  Bu gün ordumuzun gücü və peşəkarlığı elə səviyyədədir ki, istənilən an işğal altında olan ərazilərimizi azad edə bilər.

Silahlı Qüvvələrimizin 100 illik yubileyi münasibətilə keçirilən paradda dörd vacib məqam var idi: Birincisi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında Silahlı Qüvvələrimizə verdiyi yüksək qiymət və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi vacib bəyanatlar. İkincisi, şəxsi heyətin və müasir hərbi texnikanın iştirakı ilə keçirilən möhtəşəm hərbi parad. Üçüncüsü, Bakıda keçirlən hərbi paradda qardaş Türkiyənin Silahlı Qüvvələrinin hərbi dəstəsinin iştirakı. Və nəhayət dördüncüsü, yüz minlərlə vətəndaşımızın ordumuza dəstək vermək üçün üçrəngli bayrağımızla ailəliklə paradı izləməsi.

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, parad onu göstərdi ki, Azərbaycan Ordusu düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir”. Bu fikri hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.

Paradda Azərbaycan Ordusunun istifadəsində yer alan silah və texnikaların bir qisminin nümayiş olunduğunu vurğulayan Rəşad Süleymanov qeyd edib: “Diqqətçəkən əsas məqamlardan biri Raket-Artilleriya Qoşunlarımızın yeni silahlarıdır. Qoşunların silahlanmasına yeni daxil olan mobil minaatan kompleksləri, özüyeriyən haubitsalar, yaylım atəşli reaktiv sistemlər bu kontekstdə xüsusi diqqət çəkir. Ən mühüm məqam isə yüksək dəqiqliyə malik, 100 kilometr üzərində atış məsafəsinə malik raketlərimiz oldu. Yüksək dəqiqliyə malik raket sistemlərini nümayiş etdirən Azərbaycan göstərdi ki, düşməndən fərqli olaraq başqasının silahını özününkü kimi cəmiyyətə təqdim etmir. Dövlət ən müasir silahları əldə edir və hansı ki, bu silahlar yüz kilometrlərlə uzaqlıqdakı istənilən hədəfi ilk atışda dəqiqliklə məhv etməyə imkan verir”.

Ekspert bildirib ki, paradda nümayiş etdirilən pilotsuz uçuş aparatlarının bəziləri təkcə postsovet məkanında deyil, eləcə də Cənub-Şərqi Avropada yalnız Azərbaycanın istifadəsindədir. Paradda Azərbaycanın milli hərbi sənayesinin məhsulları olan pilotsuz uçuş aparatları, zirehli maşınlar da nümayiş etdirilib. Ümumilikdə nümayiş etdirilən silah və hərbi texnikalar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırıqları qısa vaxt ərzində və yüksək dəqiqliklə yerinə yetirmək imkanına malikdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazi bütövlüyü təmin olunana qədər silah alımını davam etdirəcək. Bu silahlar, təbii ki, sülh danışıqları dalana dirənən zaman istifadə edilmək üçün alınıb. Aprel döyüşlərində də, təlimlərdə də, paradda da bu mesaj verildi.

Bu mesajın ünvanı olan Ermənistan və onun havadarları da anlamalıdırlar ki, kənardan nə qədər yardım alsalar da, nə silahlanma yarışında, nə də döyüş meydanında Azərbaycanla ayaqlaşa bilməyəcəklər. Məhz bu yarış Ermənistanın sosial və iqtisadi cəhətdən çökməsi ilə nəticələnəcək. Necə ki, hazırda bu proses düşmən ölkədə artıq başlayıb”.