Ordumuzun əlavə yardıma  ehtiyacı yoxdur


Baxıldı : 38

Tarix : 2020-10-17 14:38:32



Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin sədri Füzuli Almuradov bizimlə söhbətə “rayon əhalisində çox böyük döyüşkənlik ruhu var” cümləsi ilə başladı. Sonra dedi: “Gənclərimiz, demək olar, hər gün Hərbi Səfərbərlik üzrə Dövlət Komissarlığının rayon şöbəsinə gedib ordu sıralarına qatılmaq istəklərini bildirirlər. Bundan başqa, ordumuza yardım etmək istəyənlərin də sayı-hesabı yoxdur. Təbii ki, ordumuzun heç bir əlavə yardıma ehtiyacı yoxdur, dövlət ordumuza kifayət qədər qayğı göstərir. Ancaq insanlarımız o qədər əsgərini sevir ki, əlindən gələni etməyi özünə borc bilir. Təsəvvür edin, yardımlar o qədər çoxdur ki, artıq Goranboyun döyüş bölgəsinin yaxınlığında - Qarlıca kəndi deyilən yerdə depo yaradılıb, bütün gətirilən ərzaqlar, paltarlar, dərmanlar ora təhvil verilir”.
Sədr bildirdi ki, bu gün bizim borcumuz şəhid ailələrini diqqət mərkəzində saxlamaqdır: “Rayon rəhbərliyi də daim onlarla maraqlanır. Biz aprel şəhidimiz olan Bəxtiyar Rəfael oğlu Hüseynovun adını daşıyan əzəmətli bir bulaq inşa etmişik. Bu bulaq Qızılhacılı kəndində şəhidin evinin qarşısında çağlayır”.
F.Almuradov onu da qeyd etdi ki, Respublika Komitəsi də öz diqqətini şəhid ailələrindən əsirgəmir. RK sədri Hikmət Osmanovun tapşırığı ilə rayonun Düzqışlaq kəndindən olan şəhid Tural Elmar oğlu Qasımovun 5 aylıq övladı Əli yetkinlik yaşına çatana kimi himayəyə götürülüb.