Orta məktəblərin idman meydançalarından istifadə mümkündürmü?


Baxıldı : 101

Tarix : 2018-06-02 01:56:18


Bakı şəhərində yerləşən orta məktəblərin əksəriyyətinin idman meydançalarının yerində müxtəlif obyektlərin tikildiyindən, yəqin ki, bir çoxumuz məlumatlıyıq. Beynəlxalq arenada bir idman ölkəsi kimi tanınan respublikanın orta təhsil müəssisələrini idman meydançasız təsəvvür etmək çətindir. Stadionların olmamasından ən çox əziyyət çəkən  isə həmin məktəblərin şagirdləridir. Paytaxtın bir sıra orta məktəblərini gəzərək problemin yaranma səbəblərini araşdırdıq. Onları sizə təqdim edirik.

 

157 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Akif Abdullayev bu problemin neçə illərdir mövcud olduğunu bildirib: “Məktəbin iki stadionu olduğu halda, indi heç biri istifadəyə yararlı deyil. 2007-ci ildən burada təmir işləri aparılır. Ərazi tam olaraq hasarlanıb, bütün idman qurğuları, avadanlıqları sökülüb, torpaq örtüyü dəyişdirilib. Stadionların ikisi də dağıdılıb. İstifadə etmək mümkünsüzdür. Bu vəziyyətdə uşaqları ora buraxmaq da təhlükəlidir”.

Akif müəllim qeyd edib ki, torpaqları işğal altında olan ölkəyə sağlam, fiziki cəhətdən möhkəm gənclər lazımdır. Amma, əfsuslar olsun ki, ilk növbədə bu gəncləri yetişdirmək üçün məktəbimiz idman meydançasına malik deyil. Bütün çətinliklərə baxmayaraq, qismən öz işimizin öhdəsindən gəlməyə çalışırıq. Bu məsələ ilə bağlı bir neçə quruma, aidiyyəti təşkilatlara müraciət etmişik. Lakin hələ də konkret cavab verilməyib. Burada təmir işləri də yekunlaşmır ki, danışaraq dərslərimizin orada keçirilməsi üçün razılığa gələk. Məktəbin həyətində olan kiçik meydança isə uşaqların fiziki tərbiyəsi ilə məşğul olmaq üçün tam əlverişli deyil.

Akif müəllim sonda onu da dedi ki, beynəlxalq arenada idman sahəsində qazandığımız uğurlar birdən-birə formalaşmır. Hər bir uğurun bünövrəsi möhkəm olmalıdır. Ümidvarıq ki, bu problem tezliklə həll olunacaq.

Eyni vəziyyəti 144 saylı tam orta məktəb üçün də demək olar. Məktəbin böyük stadionunun bir hissəsində hündürmərtəbəli yaşayış binası tikilərək avtomobillər üçün dayanacaq yeri yaradılıb. Qalan hissə isə tam yararsız hala salınıb. Məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini Heydər İmanov da məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət olunduğunu söylədi: “Lakin hələ cavab yoxdur. Ümumiyyətlə, hər şey göz qabağındadır. Uşaqlar futbol və ya digər idman oyunlarını asfalt üzərində oynamağa məcburdurlar. Çünki olan yerimiz budur”.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, respublikamız dünyada bir idman ölkəsi kimi tanınır və düşünürəm ki, bunun da bünövrəsi, əsası orta məktəblərdə qoyulmalıdır. Lakin məktəb idmanını ölkənin ümumi inkişafı ilə əlaqələndirmək mümkün deyil.

Nadir müəllim deyib ki, ölkəmizdə idman komplekslərinin sayı yetərincədir, lakin bu hər bir məktəbli üçün əlçatan deyil. Ona görə də ilk növbədə orta məktəblərdə idman dərslərinə diqqət artırılmalıdır. Məktəbin həm qış, həm də yay idman zalı (stadionu) olmalıdır. Yeni tikilən məktəblərdə bu məsələ diqqətə alınır. Bu sahədə əsas problem köhnə məktəblərdədir. Onların çoxunda idman qurğuları yoxdur, stadionlar yararsız haldadır.

Ekspert problemin yaranma tarixinə də toxunub. Qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin sosial-iqtisadi sahəsində olan boşluqlar, təhsil sahəsində də özünü büruzə verib. Nəzarətin olmaması üzündən bəzi məktəblərin əraziləri müəyyən “işbazlar” tərəfindən işğal olunub. İdman sahələrinin ərazisində hündürmərtəbəli binalar, müxtəlif tipli ticarət və iaşə obyektləri tikilib. Bunun da başvermə səbəblərindən biri həmin dövrdə əlifba dəyişikliyi ilə bağlı məktəblərin texniki pasportlarının yığılması ilə əlaqədardır. Texniki pasportlarda məktəbin bütün ərazisi əks olunmuşdu. Və kütləvi zəbt olunma da həmin ərəfədə başlanıb. Elə məktəblərimiz olub ki, onların geniş həyəti və idman sahələri var idi. İndi sübut eləyə bilməzsən ki, vaxtilə bu ərazilər onun olub. Bu məsələnin diqqətdə saxlanması onun ədalətli həllinə yardım göstərə bilər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən məktəblərin idman meydançalarının təmirə olan ehtiyacı nəzərə alınaraq hər il  cari təmir planı hazırlanır və tədris ilinin sonunda ehtiyaca uyğun müvafiq işlərin icrasına başlanılır. Həmçinin təhsil müəssisələrinin ərazisində məktəblərin ehtiyaclarından kənar hər hansı bir tikintinin aparılmasına müvafiq qaydalara uyğun olaraq icazə verilmir.

Azər MUSTAFAYEV