Orta təhsil yenə tənqid hədəfində


Baxıldı : 194

Tarix : 2016-07-08 02:55:00


Respublikamızda orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin imtahan nəticələrinin açıqlanması orta məktəblərdə təhsilin səviyyəsi ilə bağlı yeni müzakirələr açıb. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il iyunun 16, 21, 25, 30-da respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının statistik nəticələri heç də qənaətbəxş deyil. Məlumata görə, imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib. Ümumitəhsil məktəblərinin buraxılış imtahanı verən IX sinif şagirdlərindən 20 min 911 nəfəri, XI sinif şagirdlərindən isə 15 min 486 nəfəri Azərbaycan dili fənnindən \ 2\ (iki) qiyməti alıb. Şagirdlərin Azərbaycan dili fənnindən \ 2\ qiymət almasını isə əksər ekspertlər birmənalı qarşılamır.Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov deyir ki, buraxılış imtahanlarında şagirdlərin zəif nəticə göstərməsinin səbəbini təhsildə olan qüsurlarda axtarmaq lazımdır: \ Bu onu göstərir ki, orta məktəblərdə şagirdlərə ana dilini normal öyrədə bilmirik. Orta məktəblərdə təhsilin səviyyəsini göstərən bu rəqəmlər dərsliklərlə, müəllimlərlə və şagirdlərlə bağlı problemlərin olmasından xəbər verir. Bundan başqa, orta məktəblərin idarəetməsində də müəyyən qüsurlar var. Bunların qarşısı vaxtında alınmasa, daha ciddi fəsadlar ola bilər. Amma o da həqiqətdir ki, təhsildə 20 ildə yaranan problemləri qısa müddətdə həll etmək mümkün deyil. Düşünürəm ki, artıq dərs ilinin uzadılması, təhsilə yönəlik tədbirlər bu problemlərin həllinə qismən yardım edə biləcək\ .Ekspert Rövşən Ağayev isə deyir ki, son illərdə orta məktəblərdə pedaqoji heyətin keyfiyyət tərkibi tam dəyişib: \ Müəllim sənətinin nüfuzunun azalması, əməkhaqqının çox aşağı olması səbəbindən peşəkar kadrların əksəriyyəti məktəblərdən gedib. Həmçinin bu, savadlı gənclərin müəllim ixtisasına gəlməsi hallarını kifayət qədər azaldıb. Bir qədər savadlı gənclər gələcəkdə özlərinə gəlir gətirəcək peşələrin ardınca gedirlər. Köhnə kadrlar isə əməkhaqqı aşağı olduğundan peşələrini dəyişərək məktəblərdən ayrılıb. Bir qrup isə dərsdən kənar dövrdə repititorluqla məşğul olmağa başlayıb. Nəticədə bugünkü vəziyyət yaranıb. Hesab edirəm ki, hazırkı durumda problemdən çıxış yolu kimi ilk öncə orta məktblərə inzibati müxtariyyət verilməlidir. Direktorların isə Təhsil Nazirliyi deyil, icma qarşısında hesabatlılığına ehtiyac var. Çünki Təhsil Nazirliyi hansısa direktorla bəlkə də illər boyu görüşmür. Amma valideyn, şagird, müəllim hər gün direktorun qarşısında olur. Direktoru Valideynlər və Müəllimlər Şurası seçməlidir. Buna gedilsə, təhsilin keyfiyyətində də dəyişiklik olar\ . Xalid AZƏR