Orta təhsil müəssisələri ətrafında sürət həddi optimallaşmalıdır


Baxıldı : 71

Tarix : 2019-02-04 04:27:49


“Azərbaycanda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığı azaldılacaq”. Bu barədə Respublika Prezidentinin 2018-ci il dekabrın 27-də imzaladığı sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Bu proses necə tətbiq olunacaq?

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, artıq ötən ildən, ölkə başçısının tapşırığına uyğun olaraq, orta məktəblərin ətrafında nəqliyyat vasitələrinin hərəkətinin və yerləşdirilməsinin tənzimlənməsi ilə bağlı bir sıra mühüm layihələr həyata keçirilib: “Bu layihələr çərçivəsində 189 və 190 nömrəli orta məktəblərin ətrafında nəqliyyat vasitələrinin, sürət həddi aşağı salınıb, nizamlayıcı nişanlar qoyulub, piyada keçidləri uyğun vəziyyətə gətirilib. Daha 7 məktəbin qarşısında işlərin aparılması planlaşdırılır”.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov dedi ki, bu, kifayət qədər aktual mövzudur. Uzun müddətdir ki, bu məsələ kütləvi informasiya vasitələrində müzakirə olunur: “Proqram daha çox paytaxt məktəblərinə, xüsusilə şəhərin mərkəzi rayonlarında yerləşən tədris müəssisələrinə şamil olunub. Həqiqətən də həmin məktəblərin ətrafında xoşagəlməz mənzərə yaranır. Uşaqlarını öz avtomobillərində dərsə aparıb-gətirən valideynlər məktəblərin, onsuz da dar olan, giriş hissəsini demək olar ki, keçilməz edirlər. Elə tədris müəssisələri də var ki, düz yolun kənarında yerləşir və o yol kifayət qədər sürətlidir. Belə orta təhsil müəssisələri ətrafında sürət həddi optimallaşmalıdır.

Bir məqamı da qeyd etmək istəyirəm. Yol hərəkəti təhlükəsizliyi üzrə proqramın digər bir bəndi də maarifləndirməni nəzərdə tutur. Şagirdlərin, valideynlərin maarifləndirilməsi problemin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. 

Aliyə SƏMƏDOVA