Ortaya daha keyfiyyətli iş çıxarmaq üçün


Baxıldı : 115

Tarix : 2017-07-22 00:38:54


"Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar". Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Təhsil üzrə ekspert Kamran Əsədov qəzetimizə verdiyi müsahibədə bildirdi ki, repetitorların vergiyə cəlbolunma mexanizmi ilə məsələ həll oluna bilməz: "Bu gün Azərbaycanda  rəsmi şəkildə orta ümumtəhsil məktəblərində 150 min müəllim çalışır, müəllim kimi işləməyən təxmini 100 minə yaxın şəxs repetitor fəaliyyəti ilə məşğuldur. Müəllimlər dövlət müəssisələrində çalışdığına görə,  dövlət büdcəsindən ödənilən vəsaitdən onlardan vergi tutulur və təqaüdə çıxan zaman məhz o, əsas götürülür. Misal üçün,  bir işçi həm dövlət müəssisəsində, həm də repetitor kimi vergi ödəyir və yaxud da dövlət sosial müdafiə fonduna hər iki gəlirindən ödəniş edir.  Ölkədə onsuz da kifayət qədər vergi ödəyicisi var. Mənim fikrimcə, gəlirin 4 faizini ödəmək heç də bu sahənin inkişafına səbəb olmayacaq. Təəssüf ki, bunlar, sadəcə, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün atılan addımlardır. Həm də bu gəlirləri təsdiq edən sənəd yoxdur. Çünki heç bir valideyn repetitordan qəbz almır. Nəzərə alsaq ki, repetitor müəllim gün ərzində iki saatdan bir qrup dəyişir, onun qeydiyyatı və qəbz məsələlərinin həyata keçirilməsi işin mobilliyini və sürətini də aşağı salacaq. İkincisi, qiymət artımına səbəb olacaq. Beləliklə, aztəminatlı ailələrin hazırlıqlara getməsi və təhsilalma hüququ da azalacaq. Yəni vergi ödəməli olan müəllim aşağı qiymətə uşaq hazırlaşdırmayacaq".

Ekspert vurğuladı ki, repetitor fərdi şəxs olduğu üçün, hazırlıq kursu və ya tədris mərkəzlərindən fərqli olaraq, davamlı şəkildə stabil gəlir əldə etmir, buna görə də bu mexanizmin işləməsi real deyil.

Repetitorları vergiyə cəlb etmək əvəzinə, lisenziya sisteminə keçməyin daha məqsədəuyğun olduğunu söyləyən K.Əsədov dedi ki, necə ki, sahibkar taksi fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən dövlət qurumunun prosedurlarından keçir, müəllimlər də Təhsil Nazirliyi və yaxud da yaradılan digər qurum tərəfindən yoxlanılmalıdır. Və bundan sonra onların fəaliyyətinə icazə verilməlidir. Vergi ödəyicisi kimi qeydiyyatdan keçən repetitorların gəlirlərinin şəffaflığına şübhə ilə yanaşan ekspert bildirdi ki, bu gün bəzi müəllimlər 100-150 nəfər şəxsi qəbul edib hazırlıq keçirlər: "Onlar heç də şəffaf şəkildə gəlirlərini göstərməyəcəklər. Amma müəyyən olunmuş mexanizm əsasında lisenziyanın rüsumu bir il üçün, məsələn, 500-1000 manat olarsa, nəzarət də güclənəcək.  Avtomatik qeyri-peşəkar, təhsili olmayan şəxslər kənarlaşacaq və nəticədə ortaya daha keyfiyyətli iş çıxacaq".

Günel QULİYEVA