Ötən ilin hesabatı verildi


Baxıldı : 65

Tarix : 2019-02-11 04:53:54


Fevralın 1-də Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının 2018-ci ildə gördüyü işlərin yekununa həsr olunmuş iclas keçirilib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında baş tutmuş iclasda hesabat məruzəsi ilə ittifaqın sədri Mehman İsmayılov çıxış edib. Deyib ki, ötən il nazirliyin əməkdaşlarının və onların ailə üzvlərinin sosial problemləri və istirahəti istiqamətində çox sayda tədbirlər təşkil olunub.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, Novruz bayramı ittifaqımızın təşkilatçılığı ilə təntənəli şəkildə qeyd edilmişdir. İşçilərin azyaşlı uşaqlarına Hİ-nin vəsaiti hesabına Yeni il, Novruz bayramı şənliklərinə hədiyyəli biletlər verilmişdir. Digər bayramlar da, eləcə də peşə bayramı günü maraqlı tədbirlərlə, veteran işçilərin, qabaqcıl əməkdaşların mükafatlandırılması mərasimləri ilə yaddaşlara köçürülmüşdür.

İttifaq  “Gənc xilasedici” VII Beynəlxalq yarışının, “Gənc xilasedici və yanğınsöndürən”  VI Ümumrespublika birinciliyinin, “Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak etmişdir. Nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olmuşdur. Maddi durumu çətin olan və vəzifə borcunu yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərmişdir.

Mart soyqırımının 100 illiyi münasibətilə Qubada “Azərbaycanlıların soyqırımı - 100 il” adlı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Ağdamda “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ”, Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzularında elmi-praktik konfranslar təşkil edilmişdir.

Məruzədə o da vurğulanmışdır ki, ittifaq Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 95 illiyini və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsini nəzərə alaraq, Naxçıvan şəhərində ulu öndərin həm yeniyetməlik, həm də Naxçıvanda fəaliyyət göstərdiyi illərdə xatirə məkanına çevrilmiş yerlərə və Naxçıvan Muxtar Respublikasında yerləşən mədəni-tarixi abidələrə və görməli yerlərə ziyarət təşkil etmişdir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də ittifaqın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olmuşdur. İl ərzində Mülki Müdafiə Qoşunlarının 5 hərbi hissəsində əsgərlərlə görüş təşkil edilmişdir. Hər bir tədbirdə əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunmuşdur.

Bunlardan əlavə, ittifaqın təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində və Sumqayıt Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Tədbirdə digər cari məsələlər də müzakirə olunmuşdur. Sonda ittifaqın illik tədbirlər planı təsdiq edilmişdir.

Bəyalı RZAYEV