Ötən ilin nəticələri müzakirə olundu


Baxıldı : 242

Tarix : 2018-03-02 23:31:35


Martın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (AHİK) iclası keçirilmişdir. Əvvəlcə Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra iclasın gündəliyini giriş sözü söyləyən AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev təqdim etmişdir. İclasda İcraiyyə Komitəsinin və aparatın 2018-ci ilin I yarısı üçün iş planı təsdiq olunmuş, həmkarlar ittifaqı təşkilatlarının ötən il üzrə statistik hesabatı dinlənilmişdir. Hesabatda qeyd olunmuşdur ki, ötən il ümumilikdə 147 yeni həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Onlardan 47-si qeyri-dövlət sektoruna aiddir. Bu təşkilatlar öz sıralarında 1868 nəfər üzvü birləşdirir. Həmkarlar ittifaqlarına daxil olmuş ərizə və şikayətlərin 95,3 faizi müsbət həll edilmişdir.

O da deyilmişdir ki, bəzi sahə həmkarlar ittifaqları statistik hesabatların təhlilinə diqqətlə yanaşmamışdır. Nəticədə sənədləşmədə müəyyən nöqsanlara yol vermişlər.

 

İclasa “2017-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri haqqında” təqdimatda bildirildi ki,  Akademiyanın rektorluğu AHİK-in İcraiyyə Komitəsinin 14 mart 2017-ci il tarixli qərarını rəhbər tutaraq, üzv təşkilatlar ilə birgə informasiya texnologiyalarının müasir innovasiya metodlarına əsaslanaraq, həmkarlar ittifaqı lider və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Akademiyada 2017-ci ildə 747 nəfər təhsilə cəlb olunmuşdur. Onların 64 nəfərini gənclər, 180 nəfərini qadınlar təşkil etmişdir.

Kurslarda ilk dəfə seçilmiş həmkarlar ittifaqı sədrlərinin iştirakına xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə həmkarlar ittifaqı təşkilatlarının əsasları üzrə tədris proqramı hazırlanmış və bu proqrama 8 mövzu daxil edilmişdir.

Təlim prosesini canlandırmaq üçün kursların əvvəlində dinləyicilər arasında sorğu keçirilmiş, onların rəyləri nəzərə alınmışdır.

Kursların keçirilməsində mühüm yeri həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə tanışlıq təşkil edir. Başa çatmış ildə baza təşkilatlarında - “Azintelekom” və “Geofizika və Geodeziya” istehsalat birliklərində, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun Həmkarlar İttifaqı Komitəsində, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nəsimi və Nərimanov rayon komitələrində, “European Tobacco Baku” ASC-nin həmkarlar ittifaqı komitəsində 6 praktiki məşğələ keçirilmiş və dinləyicilər onların iş təcrübələri ilə yerində tanış olmuş, praktiki məsləhətlər və tövsiyələr almışlar.

Kursların keçirildiyi müddətdə həmkarlar ittifaqı liderləri Bakı Ali Neft Məktəbinin həmkarlar ittifaqı təşkilatının iş təcrübəsi ilə də tanış olmuşlar.

Akademiya kurslarda üzv təşkilatların sədr və məsul işçilərinin dinləyicilər qarşısında çıxışlarını təşkil etmişdir.

Təqdimatda deyildi ki, AHİK-in V qurultayının sənədləri, Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı, həmkarlar ittifaqlarının motivasiya işi, beynəlxalq təcrübənin öyrənilməsi, qeyri-formal iqtisadiyyatın ləğvi məsələlərinin tədris proqramlarına salınması məqsədəmüvafiq hesab edilməlidir. Qeyd edildi ki, gələcəkdə həmkarlar ittifaqları arasında təcrübə mübadiləsi aparılması üçün baza müəssisələri şəbəkəsinin artırılmasına xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyinə tapşırıldı ki, tədris planının yerinə yetirilməsində AHİK-in üzv təşkilatları ilə birgə məqsədyönlü fəaliyyət göstərsinlər, daha çox həmkarlar ittifaqı gənc lider və fəallarının tədris prosesinə cəlb olunmasını təmin etsinlər.

Üzv təşkilatların rəhbərliyinə həmkarlar ittifaqı kadr və fəallarının peşəkarlığının artırılmasına, onların təhsilinin təkmilləşdirilməsinə, o cümlədən respublikanın regionlarında fəaliyyət göstərən kadr və fəalların kurslarda iştiraklarının təmin olunmasına diqqətin artırılması tapşırıldı.

Növbəti məsələ “Əmək miqrantları ilə iş üzrə AHİK-in İşçi qrupu barədə” adlanırdı. Qərar layihəsində deyildi ki, həmkarlar ittifaqları qazanc üçün ölkəyə gələn miqrantların əməyinin yerli sakinlərin əməyi kimi qiymətləndirilməsi, onların həmkarlar ittifaqı tərkibində hüquqlarının müdafiəsi, işəgötürənin özbaşınalığından qorunması, ədalətli əməkhaqları uğrunda mübarizə aparır.

Həmkarlar ittifaqları olmayan və kollektiv müqavilələr bağlanmayan yerlərdə işçilər işəgötürənlə təkbətək qalır və onların qanuni hüquqları müntəzəm olaraq pozulur. “Xəstəlik vərəqələri” nəzərə alınmır, məzuniyyətlər verilmir, əməkhaqları azaldılır, müdafiə üçün müraciət yerləri olmur. Əmək miqrantlarının həmkarlar ittifaqına üzv olması hüquqi yardımın alınmasına, qeyri-formal sektorda çalışan əmək miqrantının leqallaşdırılmaması üçün müəssisə rəhbərinin əmək müqaviləsini imzalamamasına imkan yaradır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək miqrantları ilə iş üzrə İşçi qrupunun yaradılmasında əsas məqsəd əmək miqrantlarını yeni ölkədə adaptasiya olunması üçün hüquq və imkanlar bərabərliyi haqqında məlumatlandırmaq, izahat və dəstək vermək, onların ölkədə yaşayışı, iş axtarışı, əmək bazarına çıxışı, əmək və sosial hüquqlarının həyata keçirilməsi, ixtisasartırma, təhsil, tibbi xidmətə və sairəyə görə dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əlaqələrinin yaradılması üçün təşkilatlanmasına və həmkarlar ittifaqlarında və ictimai birliklərdə iştirak etmələrinə yardımçı olmaqdır.

Qərar layihəsi səsə qoyuldu və İşçi qrupunun tərkibi təsdiq olundu.

İcraiyyə Komitəsi həmçinin “Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2017-ci il üzrə hesabatı”nı dinlədi və təsdiqlədi.

İclasa S.Möhbalıyev yekun vurdu, hesabatlara münasibət bildirdi və tövsiyələrini verdi.