Oturaq işdə çalışan insanlar


Baxıldı : 75

Tarix : 2017-07-14 23:29:37


İnsanların iş saatlarını bütünlüklə oturaq vəziyyətdə keçirdikləri ofislərin sayı getdikcə artmaqdadır. Oturaq vəziyyət müxtəlif xəstəliklərə yol açır. Belə ki, oturaq işdə çalışan insanlar hərəkətli insanlara nisbətən orta hesabla 10 il tez qocalırlar. O da sübuta yetirilmişdir ki, davamlı oturaq həyat tərzi artıq çəkiyə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Hərəkətsiz həyat tərzi orqanizmin müxtəlif sistemlərində pozulmalara səbəb olur. Bəzi orqanlar isə xəstəliklərə daha çox meyillidir.

Sürəkli oturaq vəziyyət onurğa arteriyalarında durğunluğa və beyinin qan təchizatının pozulmasına gətirib çıxarır. Nəticədə baş ağrıları yaranır, yaddaş pozulur, yorğunluq və təzyiq artır, habelə ürək ağrıları və ürək ritminin pozulması inkişaf edir.

Belə problemlərdən uzaq olmaq üçün oturduğunuz vəziyyəti tez-tez dəyişin, gərilməyin. Əgər gərginlik hiss edirsinizsə, stulda hərəkət edin, dartının, qollarınızı hərəkət etdirin, yəni qan dövranını fəallaşdırın.

Kompüterlər və kondisioner olan otaqda "ofis" sindromu yarana bilər. Onun ilk əlamətləri gözlərin qızarması, quruması, gözdə qum hiss etmək əlamətləridir. Belə sindromun qarşısını almaq üçün hər 45 dəqiqədən bir gözlərinizə 10 dəqiqə fasilə verin. Bu zaman pəncərədən səmaya, uzaqlara baxmağa, göz idmanı etməyə çalışın.

Oturaq həyat nəticəsində damarların varikoz genişlənməsinə tutulmaq olar. Varikoz genişlənməyə ayağı ayaq üstünə aşırmış vəziyyətdə oturmaq şərait yaradır. Nəticədə varikoz şiddətlənərək tromboza çevrilir, bədənin müxtəlif orqanları - ürək, ağ ciyər və beyin sıradan çıxır, son nəticədə insult, yaxud qəfil ölüm baş verir. Odur ki, işinizə tez-tez fasilə verib gəzməyə çalışın.                                                               Günel