Otuz ilə bərabər  otuz gün


Baxıldı : 89

Tarix : 2020-11-01 17:30:26



Erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağı və ətraf rayonları işğaldan azad etməsi uğrunda apardığı Böyük Vətən müharibəsindən bir ay ötdü. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində artıq bir neçə rayon və xeyli sayda kəndlərimiz işğaldan azad edilib. Eyni zamanda düşmən tərəfi xeyli sayda itki vermiş, külli-miqdarda hərbi texnika məhv edilmiş, bir qismi də qənimət olaraq ələ keçirilmişdir. 
Bu günlər ərzində Azərbaycan xalqı tək yumruq şəklində birləşərək ordumuza mənəvi dəstəyini əsirgəmir. Bir ay ərzində insanların tək istəyi cəbhədən gələn xoş xəbərləri eşitməkdir. Hər kəs Ali Baş Komandanın yeni qələbə xəbərlərini verməsini səbirsizliklə gözləyir. 
Ordumuzun bu günə kimi apardığı mübarizə nəyi deməyə əsas verir? Hansı nəticələri əldə etmişik və əldə edilməsi gözlənilir? 
Müsahibimiz ehtiyatda olan polkovnik Şair Ramaldanov bir ayın tamamında əldə etdiyimiz uğurlar barəsində deyib: “Bildiyimiz kimi, sentyabrın 27-də düşmən tərəfin sonuncu təxribatından sonra Prezident İlham Əliyevin əmri əsasında Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Döyüşlərin başlandığı bir ay ərzində Ordumuz İranla dövlət sərhədini bərpa edib, Ermənistanla 200 kilometrə kimi dövlət sərhədini nəzarətdə saxlayıb. Bundan başqa, 4 rayon və 170-dən yuxarı yaşayış məntəqəsi düşmən işğalından azad olunub. Bu da onu göstərir ki, Azərbaycan Ordusu qarşıda qoyulan tapşırığı layiqincə yerinə yetirir və yetirməkdə də davam edir. Onu deyə bilərəm ki, bu gün döyüşlər bir mərkəzdən idarə olunur. Cənab Prezidentimiz, Ali Baş Komandan olaraq, döyüşlərə ümumi rəhbərliyi birbaşa öz öhdəsinə götürüb. Çıxışında da dediyi kimi, hər gün günün sonunda vəziyyət təhlil olunur, qərarlar ona təqdim olunur, təsdiq etdiyi prioritet istiqamətlərdə döyüşlər gedir və nəticələr də göz qabağındadır. 
Bu gün bizim müasir silahlara, hərbi avadanlıqlara sahib olmağımız canlı qüvvə itkisini minimuma endirərək düşmənə maksimum zərər verməyə, hərbi obyektləri və texnikaları məhv etməyə imkan verir. Mən onu da qeyd etmək istərdim ki, düşmən o qədər də zəif deyil. Onlar əmin idilər ki, bir gün biz öz torpaqlarımızı işğaldan azad etmək üçün haqq savaşına başlayacağıq. Ona görə də 30 il ərzində müdafiə qurğuları yaradıb bunkerlər qazaraq önləyici tədbirlər görüblər. Silahlandırmaya nəzarət edən beynəlxalq qurumlar var ki, hər hansı bir ölkənin nə qədər silah aldığını nəzarətdə saxlayır. Həmin qurumlarda da qeyd olunur ki, Ermənistan yetərincə silah-sursatla təmin olunub. Bu da onu deməyə əsas verir ki, 30 il ərzində Dağlıq Qarabağa ermənilər qanunsuz yollarla silah və texnikanı yığmağa imkan tapmışlar. Ancaq, bayaq da qeyd etdiyim kimi, Azərbaycan Respublikasının silahları ən müasir silahlardır. Hərbçilərimizin professionallığı qarşısında 30 il müdafiədə olan düşmən tab gətirə bilməyərək xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilərək geri çəkilməyə məcbur edilmişlər. Onlar torpaqları işğal etmək üçün bir neçə ilə yaxın vaxt sərf etmişdilər, ancaq Azərbaycan Ordusu artıq bir ayın ərzində gözlənilməz nəticələr əldə edərək irəliləməyə doğru davam edir”.
Ş.Ramaldanov düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikaları barədə də məlumat verdi: “Prezident son çıxışında bu günə kimi  düşmənin 252 tankının məhv edildiyini, 53 tankının isə qənimət kimi götürüldüyünü qeyd etdi. Piyadaların döyüş maşınının 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilərək 45-i qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan”, 2 “YARS” (Yaylım Atəşli Raket Sistemləri), 1 “TOS” məhv edilib. Bundan başqa, zenit-raket komplekslərindən 1 ədəd Tor, 40-a yaxın OSA, 4 ədəd KUB,  1 ədəd Kruq, 2 ədəd isə S-125 qurğusu məhv edilərək sıradan çıxarılıb”.
Müsahibimiz düşmənin canlı qüvvə itkisinin qeyd etdiklərindən çox olduğunu bildirdi: “Ermənistan ölkədəki vəziyyəti daha da gərginləşdirməmək üçün öldürülən əsgərlərinin real sayını gizlədərək əhaliyə minimum rəqəm açıqlayır. Lakin qeyd etmək istəyirəm ki, onlar Dağlıq Qarabağdan olan əsgər itkisini ayrıca, Ermənistandan olan əsgər itkisini isə ayrıca hesablayır. Ermənistanın verdiyi məlumata görə, artıq min nəfərə qədər ölü sayı var. Açıqladıqları rəqəm isə onların ərazisində qalan itkilərdir. Bizim işğaldan azad etdiyimiz ərazilərdə qalan itkiləri barədə isə heç bir məlumat vermirlər. Humanitar atəşkəsin elan olunmasında səbəb də hər iki tərəfin döyüşlər gedən ərazilərdən itkilərinin çıxarılması idi. Onlar bilirlər ki, o meyitlər Ermənistana qayıtsa, orada böyük bir sosial partlayış olacaq. Ona görə də hər dəfə elan olunan atəşkəsi pozaraq meyitlərin Ermənistana gətirilməsinə bu formada mane olmağa çalışırlar”.

Aliyə SƏMƏDOVA