Oyunlardan asılılıq real həyatdan uzaqlaşdırır


Baxıldı : 353

Tarix : 2017-12-15 21:51:27


İnkişaf edən texnologiya və internet şəbəkəsinin sürətlə yayılması insanları yeni bir problemlə qarşı-qarşıya qoyub: oyun asılılığı. Kompüter oyunları asılılığı bütün dünyada ciddi bir xəstəlik kimi qəbul olunur. Çünki oyun asılılığı insanı real həyatdan uzaqlaşdırır. Bu gün, təəssüflər olsun ki, Azərbaycanda da əhali, xüsusən gənc nəsil arasında internet asılılığından əziyyət çəkənlərin sayı yetərincə çoxdur.

Uşaqları internet oyunlarından uzaqlaşdırmağın yolu nədir? İnternetdən asılılığın müalicəsi varmı?

Suallarımızı cavablandırmaları üçün sosioloq Cavid İmamoğlu və tibb üzrə ekspert, terapevt Rasif Bağırovla əlaqə saxladıq.

Sosioloq Cavid İmamoğlu bildirdi ki, bu dönəmlərdə valideynlərdən diqqətli olmaq tələb olunur: "Uşaq tərbiyəsində, inkişafında iki həssas dönəm var. Birinci, uşağın erkən inkişaf mərhələsidir, yəni 3-5 yaşına qədər olan dövrü. İkincisi isə, yeniyetməlik dövrüdür. Bu iki dövr onlara daha çox diqqət və qayğı tələb edir. Yəni həmin mərhələdə uşaqlar daha çox emosional olurlar və onlar üçün düzgün tərbiyə yaratmaq lazımdır. Təcrübə göstərir ki, xüsusilə yeniyetməlik yaşında olan uşaqlar və onların valideynləri arasında tez-tez emosional gərginlik yaşanır. Bunun da səbəbi odur ki, valideynlər övladlarında olan dəyişiklikləri, psixoloji yetkinliyi düzgün dərk etmirlər. Belə olan halda isə övladlarına düzgün istiqamət verməkdə çətinlik çəkirlər. Bu yaş çərçivəsində olan uşaqlar zərərli vərdişlərə daha çox meyilli olurlar. Xüsusən də son dövrlər geniş yayılmış internet oyunlarına aludəçilik həmin gənclərin inkişafına mənfi təsir edir, insanlarla ünsiyyətdə böyük bir boşluq yaradır. Hətta bu cür oyunlar onların psixologiyalarına mənfi təsir edərək intihara belə aparır. 

Digər bir tərəfdən isə, kompüter, internet, telefon asılılığına düşən insanların maraq çərçivəsi dəyişir, darlaşır. Onların əsas vərdişləri kompüter olur və gündəlik fəaliyyətində birinci yeri tutur. Qalan nə varsa, ikinci dərəcəli olur. Bəzi məsələlər, ümumiyyətlə, maraq çərçivəsindən çıxır. Uşaq kompüterin qarşısında olanda valideynlərə mane olmur,  səs-küy salmır, otağı dağıtmır. Valideyn isə düşünür ki, uşaq həyətdə başqa uşaqlarla oynamaqdansa, evdə kompüter qarşısında oturması daha yaxşıdır. İlk mərhələdə bu, bizim xoşumuza gəlir. Lakin siqnal gələndə isə artıq gec olur".

Tibb üzrə ekspert Rasif Bağırov dedi ki, yaşadığımız dövrdə uşaq və yeniyetmələrin internetdən asılılığı ilə mübarizə aparmaq çox çətindir. Çünki uşaqlar internetin intellektual tərəfindən istifadə etmək əvəzinə, daha çox oyunlara üstünlük verirlər. Bu da onlara həm mənəvi, həm də fiziki zərər verir. Çünki daim kompüter, telefon qarşısında dayanmadan durmaq boyun fəqərələrində ciddi əyilməyə səbəb olur. Bundan başqa, telefonları mümkün qədər aralı məsafədə saxlamaq lazımdır. Çünki telefonlar aşağı tezlikli radiodalğalarla işləyir və bu da orqanizmin bioritminə, orada gedən kimyəvi proseslərə neqativ təsir göstərir. Ona görə də böyüməkdə olan orqanizmin, xüsusən də uşaqların bu mobil telefonlardan və kompüterdən həddindən artıq çox istifadə etməsi düzgün deyil.

Aliyə SƏMƏDOVA