“Pandemiya ilə mübarizəni  sona qədər davam etdirmək  əzmindəyik”


Baxıldı : 59

Tarix : 2020-05-16 03:33:01


 

Bəşəriyyətin başı üzərini almış koronavirus (COVID-19) təhlükəsi öz acı fəsadlarını törətməkdədir. Dünyanı təşvişə salmış bu infeksiya bir çox ölkələrin iqtisadiyyatını çökdürüb, səhiyyə sistemini ciddi çətinliklərlə üz-üzə qoyub.
Azərbaycan dünyanın bir parçası olduğundan koronavirus təhlükəsi bizim də ölkəmizdən yan keçmədi. Lakin koronavirus pandemiyasının sürətlə yayılması fonunda ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövlətinin vaxtında atdığı addımlar bu gün onu deməyə əsas verir ki, ölkəmiz bu ağır sınaqdan üzüağ çıxacaq. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda da bildirildiyi kimi, koronavirusa qarşı aparılan mübarizəyə görə Azərbaycan dünyada nümunəvi ölkələrdəndir. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısı tərəfindən “Biz birlikdə güclüyük!” çağırışı bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqının yüksək məsuliyyətə və nizam- intizama malik olduğunu və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hər an hazır olduğunu nümayiş etdirdi. Qeyd edilməlidir ki, ölkədə pandemiya ilə mübarizə sahəsində görülən bütün tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti altındadır.
COVID-19-un ölkəmizdə geniş yayılmasının və acı fəsadlar törətməsinin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlərə Fövqəladə Hallar Nazirliyinin bütün aidiyyəti qurumları da cəlb edilib. Belə ki, Nazirliyin Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti, regional mərkəzləri və digər aidiyyəti strukturları qarşıya qoyulan vəzifələrin icrasında dövlət orqanları ilə birlikdə fəaliyyət dairəsini genişləndirib. İlk günlərdən etibarən Fövqəladə Hallar Nazirliyi təxirəsalınmaz vəzifələrin əməli həllinə nail olmaq üçün zəruri addımlar ataraq respublikamızın ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə, Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, İran İslam Respublikası ilə “Astara”, “Biləsuvar”, Rusiya Federasiyası ilə “Xanoba”, “Samur” və Gürcüstan ilə “Mazımçay”, “Qırmızı körpü” sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradaraq onların ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini təmin edib. Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, sanitar-gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı bütün məsələlər kompleks şəkildə həllini tapıb. Yeri gəlmişkən, fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxsləri burada təkrar müayinə edərək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsini, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalmasını təmin ediblər.
Beləliklə, fevralın 27-dən aprelin 5-nə qədər sözügedən qəbul-çeşidləmə məntəqələrində ölkəmizə daxil olan və müayinədən keçirilən ümumilikdə, 9000-ə yaxın insandan cəmi 100 nəfərdə yoluxmaya şübhəli əlamətlər aşkar edildiyi üçün həmin şəxslərin dəqiq diaqnoz qoyulması məqsədilə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə təxliyəsi təmin edilib.
Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi mütəmadi olaraq qəbul-çeşidləmə məntəqələrində olaraq mövcud şəraiti dəyərləndirib, sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşlər keçirib. Həmin görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumatlar verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub. Eyni zamanda vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması üçün görülmüş işlər bir daha nəzərdən keçirilərək zəruri göstərişlər verilib.
Bütün bunlara görə “müvəqqəti sakinlər” burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Bir məqama da toxunum ki, aprelin 5-dən mayın 31-nə qədər, yükdaşımalar istisna olmaqla, ölkəmizə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın tam şəkildə dayandırılması barədə Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq qərar qəbul olunub. Bununla bağlı FHN əməkdaşları ölkəyə daxil olan yük avtomobillərinin sürücülərinin qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müvəqqəti olaraq, yüklər aidiyyəti üzrə təhvil verilənədək qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyət göstərirlər. Müayinə zamanı yük avtomobillərinin sürücüsü olan xarici ölkə vətəndaşlarında hər hansı yoluxma şübhəsi aşkar olunduqda həmin şəxslər dərhal sərhəd-keçid məntəqələrindən geri qaytarılır. Onların gətirdikləri yüklər yerli şirkətlərin nümayəndələrinə təhvil verilir. Məntəqələrdə müvəqqəti olaraq qalan yük avtomobili sürücüləri gündə üç dəfə isti yeməklə təmin olunur, həkim nəzarətində olur və özləri də ehtiyac duyduqları zaman həkimlərin köməyindən yararlana bilirlər. Bunlarla yanaşı, tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərinin sürücüləri də, bir qayda olaraq, həkim müayinəsinə cəlb edilirlər.
Qeyd etmək istərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkə ərazisində silsilə tədbirlərini davam etdirir. Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirir, müxtəlif məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.
Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərində də yaxından iştirak edir. Nazirlik tərəfindən Bakı şəhərinin Xəzər, Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan, Lənkəran və Bərdə rayonlarında yaşayan, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilərək onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Ümumilikdə 4750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar. Həmçinin nazirlik möhtərəm cənab Prezidentin imzaladığı müvafiq Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon 30 min manat məbləğində ianə etmişdir.
Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bütün tədbirlərdə yaxından iştirak edən və qarşıya qoyulmuş prioritet vəzifələri layiqincə yerinə yetirən FHN-in şəxsi heyəti Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq könüllü qanvermə aksiyasına qoşulub. Qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində, həmçinin Nazirliyin Cənub Regional Mərkəzində təşkil olunub.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir. 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi müddətdə psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 750-yə qədər müraciət daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatlıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində davamlı iş rejiminə alışmış və hazırda bu rejimi düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil. Vətəndaşlar FHN-in bu xidmətindən də razılıq edir və göstərilən yardıma görə öz təşəkkürlərini bildirirlər.
Göründüyü kimi, Fövqəladə Hallar Nazirliyi respublikamızın koronavirus təhlükəsindən az itki ilə xilas olunması üçün aidiyyəti üzrə bütün imkanlardan səmərəli istifadə edir və  mübarizəni sona qədər davam etdirmək əzmindədir.

Mehman İSMAYILOV,
Fövqəladə Hallar Nazirliyi İşçiləri
Həmkarlar İttifaqının sədri