PARŞ-ın 10-cu yay məktəbi keçirildi


Baxıldı : 76

Tarix : 2017-09-23 01:30:32


Sentyabr ayının 18-dən 20-dək İsveçin Stokholm şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) 10-cu yay məktəbi keçirildi. Hər il olaraq keçirilən bu ənənəvi təbbirdə PARŞ-ın bütün üzv təşkilatları rəhbərlik səviyyəsində təmsil olunur.

Tədbir əsasən təşkilatın il ərzində gördüyü işlərin hesabatına və qarşıdakı il üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edildi.

Builki yay məktəbini giriş sözü ilə PARŞ-ın Baş katibi Luka Vesentini açdı. İl ərzində regionda həmkarlar ittifaqı təşkilatlarının üzləşdiyi problemlər, qarşıda duran çağırışlar barəsində məlumat verdi. Sonra PARŞ-ın icraçı katibi Anton Leppik il ərzində görülən tədbirlər haqqında geniş hesabat verdi. Qeyd etdi ki, təşkilat həmkarlar ittifaqlarının hüquqlarının qorunması istiqamətində regional səviyyədə Avropa həmkarlar ittifaqı ilə əməkdaşlığı artırmış, Avropa Komissiyası və Avropa Birliyinin digər strukturları ilə sıx əlaqədə işləmişdir. Bu dövr ərzində təşkilat beynəlxalq təşkilatlarla birgə bir çox layihələr həyata keçirmişdir. PARŞ Beynəlxalq Əmək Təşkilatı ilə birgə, sosial tərəfdaş kimi, Avropa regionunu təmsil etmiş, eləcə də Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramında fəal iştirak etmiş, Avropa Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunmuşdur. A.Leppik çıxışında əsasən PARŞ-ın müxtəlif ölkələrdə milli mərkəzlərlə birlikdə həyata keçirdiyi müxtəlif mövzulu tədbirlərdən danışmışdır. O qeyd etmişdir ki, ötən bir il ərzində ümumilikdə Avropa regionu üzrə 100-dən artıq tədbir keçirmiş, bu tədbirlər üzv təşkilatların beynəlxalq təcrübəni bölüşməsi və tətbiq etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hesabat üzv təşkilatların nümayəndələri tərəfindən razılıqla qəbul olundu.

Builki "Yay Məktəbi" ədalətli əməkhaqqı siyasətinə həsr olunmuşdur. Məsələ ilə bağlı Avropanın müxtəlif institutlarından çox sayda mütəxəssislərin çıxışları dinlənilmişdir.

Tədbirdə PARŞ-ın Baş katibi Luka Vesentini növbəti dəfə çıxış edərək Avropada əməkhaqlarının artırılması zərurətindən, əməkhaqları arasında kəskin fərqin azaldılmasından, eləcə də təşkilatın bu sahədə gördüyü işlərdən danışmışdır.

Tədbirdə mövzu ilə əlaqədar olaraq Həmkarlar İttifaqları Məsləhət Komitəsindən - Roland Yansen, Avropa Həmkarlar İttifaqları İnstitutundan Bela Galasi, BƏT-in Zəhmətkeşlərin Fəaliyyətləri Bürosundan (ASTRAV) Rafael Puls, Avropa Həmkarlar İttifaqları Konfederasiyasından Ester Linc çıxış etmişlər.

Tədbirin növbəti günündə müzakirələr İsveç Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Karl-Retor Thosvalfsonun rəhbərliyi ilə davam etmişdir. Bu müzakirələrə İsveç hökumət nümayəndələri və biznes nümayəndələri də dəvət edilmişdir. Bu müzakirələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov çıxış etmişdir. O, çıxışında əsasən region ölkələrində, eləcə də Azərbaycanda həmkarlar ittifaqlarının transmilli şirkətlərdə üzləşdiyi problemlərdən, işçilərin bu müəssisələrdə təşkilatlanma hüququnun pozulmasından, eləcə də əməkhaqları arasında fərqin böyük olduğundan danışdı. O, təklif etdi ki, dünyanın ən böyük rabitə şirkətlərindən olan, bizim regionda da aktiv fəaliyyət göstərən, İsveç əsilli “Teliasonera” şirkətinin yerlərdə fəaliyyət göstərən müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına köməklik götərsin.

Tədbirin sonunda təşkilatın növbəti il üçün fəaliyyət proqramı tərtib olundu.