PARŞ-ın  Rəhbər Komitəsinin növbəti iclası


Baxıldı : 402

Tarix : 2020-06-12 06:08:42


Pan Avropa Regional Şurasının Rəhbər Komitəsi növbəti onlayn toplantı keçirdi. Burada Pan-Avropa bölgəsində COVID-19-un yaratdığı çoxölçülü böhranın aradan qaldırılması yolları müzakirə olundu. Region ölkələrinin əksəriyyətinin təcriddən çıxma prosesində olduğu və infeksiyanın yayılmasının qarşısının uğurla alındığı vəziyyətdə bəzi ölkələrdə, xüsusilə Şərqi Avropada virusun yayılmasının artımı hər yerdə humanitar riskləri çoxaldır.

İştirakçılara iş yerləri, gəlirlər, minimum əməkhaqqı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, həmçinin COVID-19-un peşə xəstəliyi kimi tanınması, ümumi sosial müdafiə və məsuliyyətli biznes kimi qlobal həmkarlar ittifaqı prioritetləri təqdim olundu. Deyildi ki, Avropa Birliyində qrantlar və kreditlər vasitəsilə ən zəif iqtisadiyyatları maliyyə baxımından dəstəkləmək üçün Avropa İttifaqı üzvlərinin həmrəyliyinə əsaslanan iddialı bərpa planı irəli sürüldü. Aİ həmçinin öz tərəfdaşlarını, o cümlədən qonşu Avropa Birliyi ölkələrini inkişaf etdirmək üçün kompleks yardım tədbirləri işləyib hazırlamışdır. Həmkarlar ittifaqları bu vəsaitlərdən sosial müdafiə xərcləri, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təkmilləşdirilməsi, zəhmətkeşlərin və özünə məşğul formada işləyən şəxslərin gəlirlərinin dəstəklənməsi üçün istifadə olunmasını təmin etməkdən ötrü diqqətli olmalıdırlar.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Sarayevo və Moskvadakı ofislərinin rəhbərləri Cənub Şərqi Avropa və MDB regionlarındakı vəziyyət barədə məlumat verdilər.

Qeyd olundu ki, bir sıra ölkələrdə, həm Aİ-də, həm də onun hüdudlarından kənarda, COVID-19 böhranı hökumətlər və ya müəssisələr tərəfindən əmək qanunvericiliyində əməkçilərin hüquqlarını poza biləcək dəyişikliklər üçün istifadə edilmişdir. Macarıstan Həmkarlar İttifaqları BƏT-ə hökumətin sosial dialoqa və kollektiv danışıqların aparılmasına dair öhdəliklərə məhəl qoymadığına dair şikayət göndəriblər. Polşada normadan artıq iş saatı istismara və məcburi əməyə yol açır.

Ukraynada hakim partiya həmkarlar ittifaqlarının azadlığını məhdudlaşdıran qanunvericiliyi qəbul etdirməyə çalışır. Tədbirdə ölkədə həmkarlar ittifaqlarının hüquqları ilə bağlı vəziyyətə xüsusi diqqət yetirilmişdir. Qırğızıstanda həmkarlar ittifaqı azadlıqlarına son qoyacaq qanun layihələrinə, dövlətin müdaxiləsinə etiraz edən həmkarlar ittifaqı liderlərinə qarşı polis zorakılığı vardır. Qazaxıstanda isə, nəhayət, həmkarlar ittifaqları üçün hüquqi mühitin yaxşılaşdırılması baxımından müəyyən irəliləyişlər vardır.

 BHİK-in Baş katibinin müavini Oven Tudor iyunun 24-də baş tutacaq “İqlim və Məşğulluq problemləri işimizin əsasıdır “ kampaniyası haqqında iştirakçılara məlumat verdi. Bu il iş yeri və məşğulluq problemləri insanlar üçün ciddi narahatlıq yaradır. Buna görə də həm iqlim, həm də məşğulluq mövzusunda söhbətə ehtiyac vardır.

Rəhbər Komitə növbəti aylarda PARŞ-ın iş planının yenidən nəzərdən keçirilməsini də müzakirə etdi. Gənclər Komitəsinin nümayəndəsi komitənin fəaliyyət planlarını açıqladı. Təşkilatların və onların gənc nümayəndələrinin komitənin işinə daha fəal cəlb edilməsi yolu ilə onun möhkəmləndirilməsi zərurətindən danışdı. COVID-19 gender fərqini daha da dərinləşdirdiyinə görə,  Qadınlar Komitəsi böhranın aradan qaldırılması və bərpa planlarının gender aspektinə xüsusi diqqət yetirilməsinin zəruriliyini bir daha bəyan etdi.

BƏT-in İşçi Qrupunun katibi Rakel Qonsales 2020-ci ilin iyul ayına planlaşdırılan yüksək səviyyəli “əmək dünyası” sammitinin keçirilməsinə hazırlıq haqqında məlumat verdi. Rəhbər Komitə PARŞ-ın bu mühüm hadisəyə qatqısını artırmaq üçün yay məktəbi platformasından istifadə etməyi lazım bildi.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov iştirak etmiş, müzakirələrə qatılmışdır.