PARŞ-ın Yay Məktəbi


Baxıldı : 399

Tarix : 2020-06-19 16:19:32


Pan Avropa Regional Şurasının (PARŞ) “Böhran və PARŞ-ın əhatə etdiyi regionda bərpa” mövzusunda Yay Məktəbi keçirildi. Tədbir COVID-19 səbəbi ilə onlayn şəkildə təşkil olundu.Tədbirə 70-dən çox müxtəlif həmkarlar ittifaqı təşkilatının nümayəndələri qatıldı.

Tədbirin açılışını PARŞ-ın prezidenti və Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili etdi. O, PARŞ-ın əhatə etdiyi regionda COVID-19-un yaratdığı vəziyyət haqqında qısa məlumat verdi və qeyd etdi ki, bərpa zamanı uğurlar əldə etmiş ölkələrin təcrübəsi bölüşdürülməlidir.

Tədbirdə həmçinin PARŞ-ın Baş katibi, Avropa Həmkarlar İttifaqları Konfederasiyasının sədri Luka Visentini çıxış edərək, koronavirusun Avropada səhiyyə sahəsində görünməmiş fövqəladə vəziyyət yaratdığını söylədi, bunun Avropa Birliyinin əsaslarını təhdid etdiyini diqqətə çatdırdı. Avropa İttifaqı boyunca həmkarlar ittifaqları işçilərin və onların ailələrinin qorunması üçün mümkün olan hər şeyi etməyə çalışır.

COVID -19 əsasən səhiyyə, kənd təsərrufatı, nəqliyyat sahəsində çalışan işçilərə daha çox mənfi təsir göstərib. Onların real durumu düzgün qiymətləndirilməyib, maaşlar azaldılıb, lazımi gigiyenik vasitələrlə təmin olmayıblar. Karantin zamanı əsas problemlərdən biri də işçilərin öz iş yerlərinə qayıtması və əməyin mühafizəsidir.

Biz birgə koordinatlaşdırılmış hərəkət etməliyik. Avropa Fondunun həyat və əmək şəraitinin yaxşılaşdırılması üzrə son araşdırmaları göstərir ki, avropalıların 28% -i böhrandan sonra tam və ya müvəqqəti olaraq işlərini itirib. Demək olar ki, 50% deyir ki, onların iş vaxtı azaldılıb, 15% isə hesab edir ki, onlar növbəti üç ay ərzində işlərini itirəcəklər. Ümumiyyətlə, Avropada təqribən 6 milyona yaxın insan iş yerini itirib və ya işdən müvəqqəti uzaqlaşdırılıb. Bir çoxları maddi yardım almadılar, işəgötürənlərin bəziləri fürsətdən istifadə edib işçiləri qovdular. Bu belə davam eləsə, böyük problemlərə gətirib çıxardacaqdır.

Bu durumdan çıxmaq, yeni iş yerləri yaratmaq üçün investisiyalar lazımdır. Biz tələb edirik ki, beynəlxalq maliyyə institutları ölkələrə kömək etsin, əks halda 2008-ci ilin böhranını yenidən yaşayacağıq. Sənayenin yenilənməsinə, ekoloji və sosial baxımdan dayanıqlı iqtisadi fəaliyyətə, habelə rifah sistemlərinin və sosial müdafiənin gücləndirilməsinə dövlət böyük miqdarda sərmayə qoymalıdır.

COVID-19 cəmiyyətə əsl vacib işçilərin kim olduğunu göstərdi: həkimlər, tibb bacıları və baxıcıları, nəqliyyat işçiləri, müəllimlər, təmizləyicilər, təsərrüfat işçiləri və s. Böhranın nəticəsi kimi, bu işçilər layiqli maaş almalı və qiymətləndirilməlidirlər. Heç kim riskli şəraitdə işləməkdən imtina etdiyinə görə cəzalanmamalıdır. İşçilər işdən azad edilməsindən və ya hər hansısa digər cəzadan zəmanətli hüquqi qorunma ilə təhlükəli iş yerini tərk etmək və ya ondan imtina etmək hüququna malikdirlər. İş vaxtından artıq işləyən insanlar əziyyət çəkirlər, çünki milli hökumətlər işçilərə ailələrini dəstəkləmək və işlərini davam etdirmək üçün çox az pul ödəyirlər. Məsələn, İtaliyada gəlir güzəştlərinə sahib olan 10 milyon işçidən yalnız 1.5 milyonu müavinət aldı. Bank sistemləri Avropa Mərkəzi Bankının təşəbbüsünü dəstəkləyərək ehtiyacı olan şirkətlərə və ev təsərrüfatlarına kredit vermir. Bu isə göstərir ki, bərpa prosesi zamanı sosial tərəfdaşlarla daha sıx işləmək lazımdır.

Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyəti üzrə Bürosunun (ACTRAV) direktoru Mariya Elena Andre çıxışında bildirdi ki, pandemiya təchizat şəbəkəsinə, səhiyyəyə, orta biznesə, məşğulluğa ciddi təsir edib. Əsasən də inkişaf etməkdə olan ölkələrdə vəziyyət daha kəskindir.

COVID-19  böhranına qarşı mübarizənin dörd əsas istiqaməti var:

1. İqtisadiyyatın və əhalinin məşğulluğunun stimullaşdırılması;

- aktiv vergi-büdcə siyasəti,

- adaptiv pul-kredit siyasəti,

- səhiyyə sahəsi də daxil olmaqla, xüsusi sektorlara kredit və maliyyə dəstəyi.

2. Müəssisələrin, iş yerlərinin və əhalinin gəlirlərinin dəstəklənməsi;

- hamı üçün  sosial müdafiəni təmin etmək,

- məşğulluğun qorunması üzrə tədbirlərin həyata keçirilməsi,

- müəssisələrə maliyyə, vergi sahəsində və digər güzəştlərin verilməsi.

3. İş yerində işçilərin müdafiəsi;

- əməyin mühafizəsi və əməyin gigiyenası üzrə tədbirləri gücləndirmək,

- iş şəraitinin uyğunlaşdırılması,

- ayrı-seçkiliyin qarşısının alınması,

- hər kəs üçün səhiyyəyə çıxışın təmin edilməsi,

- ödənişli məzuniyyətə çıxılmasını genişləndirmək.

 4. Düzgün qərarlar üçün sosial dialoqa dəstək;

- işəgötürənlər və həmkarlar ittifaqı təşkilatlarının potensialının və tərəfdaşlığın davamlılığının gücləndirilməsi,

- hökumətdən dəstək potensialının gücləndirilməsi,

- sosial dialoqun, kollektiv danışıqların və əmək münasibətləri institutlarının möhkəmləndirilməsi...

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou çıxışında bildirdi ki, pandemiyanın təsiri ilə işdən çıxarılanların 60 faizini qeyri-formal iqtisadiyyatda çalışanlar təşkil edir. Ümumiyyətlə, dünya üzrə 2 milyard işçidən 1.6 milyardının vəzyyəti pisdir. Pandemiya zamanı irqi, sinfi bərabərsizliklər, əsasən də genderlə bağlı bərabərsizliklər artıb. Bu durumda daha çox qadınlar təsirə məruz qalıblar. Qadınlar xidmət sahəsi və ya pandemiyaya qarşı mübarizənin ön hissəsində olan peşələrdə, xüsusilə də ümumi sayının 70 faizini qadınlar təşkil edən tibb sektorunda həddindən artıq əziyyət çəkmişlər. Bundan başqa, qeyri-formal iqtisadiyyatda da  çalışan qadınların durumu pisdir.

BHİK-in Baş katib bildirdi ki, pandemiya bir çox çatışmazlıqları aşkar etdi. Əsas diqqət işçilərin iş yerlərinə qaytarılması, əməyin  mühafizəsi, sosial dialoqun inkişaf etdirilməsinə yönəldilməlidir. COVID-19 peşə xəstəliyi kimi elan edilməlidir. Bunun üçün biz əlimizdən gələni etməliyik.

Tədbirin ikinci günü BHİK-in üzv təşkilatlarının nümayəndələri pandemiya  zamanı üzləşdikləri problemlər və görülən işlər barəsində fikir mübadiləsi apardılar.

Polşanın “SOLİDARNOST” Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının  nümayəndəsi Polşadakı durum haqda məlumat verdi. Burada da iqtisadiyyatda eniş oldu, bir çox sahələrdə işsizlik artdı. Həmkarlar ittifaqları müntəzəm olaraq sosial tərəfdaşlarla müzakirələr apardılar, nəticədə hökumət qismən subsidiyalar ayırdı, özünəməşğul təbəqəyə, həmçinin 7 yaşdan aşağı uşaqları olanlara yardım edildi və müavinətlərın verilməsi 3 ay uzadıldı. Qismən edilən yardımlara baxmayaraq, iyul ayında işsizliyin artmasını gözləyirik.

Ukraynanın “VOLYA” Birliyinin nümayəndəsi  qeyd etdi ki, həmkarlar ittifaqları və işçilər pandemiya zamanı müxtəlif təsirlərə məruz qaldılar. Beynəlxalq təşkilatlar hökumətə təsir etməlidir. Pandemiya zamanı ən çox səhiyyə işçiləri əziyyət çəkdi, koronavirusa yoluxanların 20 faizini səhiyyə işçiləri təşkil edir. Çünki onlara gigiyenik qoruyucular verilməmişdi. Səhiyyə işçilərinə bir aydır ki, qoruyucu maska verilib, əlcəkləri isə onlar özləri almalı idilər. Maaşların 30 faiz artırılması deyilirdi, lakin səhiyyə işçiləri hələ onu almayıblar. Əmək bazarında son durum pisdir, işsizlik artır.

Monteneqro Azad Həmkarlar İttifaqları Birliyinin nümayəndəsi qeyd etdi ki, pandemiyanın birinci dalğasını nəzarətdə saxlaya bildik, yoluxanlar bir o qədər çox olmadı. Buna baxmayaraq, iqtisadi göstəricilər aşağı düşdü, bəzi müəssisələr bağlandı. Əsas təsir turizm sahəsində oldu.Turizm sahəsi ÜDM-in 20 faizini təşkil edir. Pandemiyanın birinci fazasında sosial tərəfdaşlar fəal iş gördülər. Monteneqroda həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində bəzi müəssisələrə yardım edildi, subsidiyalar ayrıldı. Nəticədə qeyri-formal sektorda işçilərin də sayı nisbətən azaldı...

Tədbiri PARŞ-ın prezidenti İrakli Petriaşvili yekunlaşdıraraq bir daha qeyd etdi ki, bərpa dövründə həmkarlar ittifaqları  sosial tərəfdaşlarla daha sıx əməkdaşlıq etməlidirlər.

AHİK sədrinin müavini A.Dadaşov və Konfederasiyanın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da Yay Məktəbinə qatıldılar, ölkəmizdəki durum barədə iştirakçılara məlumat verdilər...