Partnyorluq əlaqələrimiz səmərəlidir


Baxıldı : 49

Tarix : 2018-02-03 23:28:57


Beynəlxalq Millətlər Təşkilatının  bir qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) fəaliyyət dairəsi çoxşaxəlidir. BƏT tripartizm, yəni üçtərəfli əməkdaşlıq prinsipi əsasında fəaliyyət göstərir. Milli səviyyədə BƏT-in üç partnyoru var. Hökumət (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları  Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası. BƏT-in bu üç partnyorla əlaqələri beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. BƏT 2016-cı il sentyabrın 30-da Bakı şəhərində üç partnyoru ilə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalayıb. Əməkdaşlıq proqramının bir neçə prioriteti var. Bu prioritetlər beynəlxalq əmək normalarının və əmək sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, məşğulluğun artırılmasıdır. Proqramda qarşıya qoyulan bir sıra sosial-iqtisadi məsələlərin həlli beynəlxalq təcrübəyə, iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin təcrübəsinə əsaslanır. BƏT həm beynəlxalq təcrübə mübadiləsi, həm sosial siyasətin müəyyənləşdirilməsi, həm də texniki dəstək baxımından partnyorlara, o cümlədən AHİK-ə yardım göstərir.

2016-cı ilin sentyabr ayının 30-da daha bir sənəd - Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə qərar imzalanıb. Komissiyanın Əsasnaməsi təsdiq edilib və üzvləri seçilib. Bu, sosial dialoqun inkişaf etdirilməsi üçün mühüm bir faktordur. Komissiyaya sədrlik hər il bir qurum tərəfindən həyata keçirilir. Hazırda sədrlik funksiyasını AHİK icra edir.

BƏT-in bütün rəsmiləri, ekspertləri, idarəçilik komissiyaları tərəfindən bu qurum yüksək qiymətləndirilir. Onun əhəmiyyətinin vacibliyi qeyd olunur.

Xatırladım ki, komissiyanın bütün iclasları, açıq şəkildə keçirilib. Sənədlər müzakirə edildikdən sonra hökumətə təqdim edilib. Qərarlarda işsizlikdən sığorta sisteminin tətbiqi, əməyin mühafizəsi strategiyasının və digər önəm kəsb edən bir sıra sosial-iqtisadi məsələlərin hazırlanması təklif edilib.

Ümumiyyətlə, deyərdim ki, sosial dialoqun da tarixi Azərbaycanla bağlıdır. İlk kollektiv müqavilə bizim ölkədə neft sektorunda bağlanıb. Regionda respublikamızın nüfuzu artmaqdadır. Məhz buna görə bu il mayın 21-də BƏT-in baş direktorunun rəsmi səfəri Azərbaycana planlaşıdırılıb.

BƏT tərəfindən keçirilən bütün tədbirlərdə AHİK fəal iştirak edib. Artıq BƏT-in 58 konvensiyası Azərbaycan tərəfindən ratifikasiya olunub.

BƏT-in nümayəndəsi kimi deyərdim ki, AHİK-lə işləmək maraqlı və çox asandır. Konfederasiyanın Azərbaycanın bütün bölgələrini əhatə edən geniş təşkilat şəbəkəsi var. İşçiləri böyük təcrübəyə malikdir. Əlbəttə. bu təcrübə işimizdə bizə yardımçı olur. Onu da deyim ki, AHİK-in verdiyi tövsiyələrin əhəmiyyəti həmişə nəzərə alınır. Bu da işin səmərəliliyinə təsir göstərir.

Sonda AHİK-in V qurultayına uğurlar arzulayıram. Əminəm ki, BƏT-lə əməkdaşlıq bundan sonra da fəal şəkildə davam edəcək, bu əlaqələr daha uğurlu olacaq və sosial dialoq sahəsində Azərbaycanda yüksək nəticələr qazanacağıq.

BƏT-in rəhbərliyi tərəfindən Konfederasiyanın fəaliyyəti həmişə yüksək qiymətləndirilib.

Yaşar HƏMZƏYEV,

BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi