Payız-qış mövsümündə viruslara daha çox yoluxulur


Baxıldı : 291

Tarix : 2015-11-20 04:59:00


Payız mövsümü başlayandan insanlar arasında soyuqdəymə, öskürək halları artıb. Bəzi insanlar arasında isə təngnəfəslik, tənəffüslə bağlı müxtəlif narahatlıqlar hiss olunur. Xüsusən qrip virusları soyuq havalarda daha çox yayılır və ona yoluxma ehtimalı da artıq olur. Bir çox viruslar soyuq, hətta şaxtalı havada da özünü qoruma qabiliyyətinə malikdir. İnsanlar da payız-qış aylarında viruslara daha çox və daha tez yoluxur.Məsələyə münasibət bildirən tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramovun qənaətinə görə, insanlar hansısa xəstəliklərdən narahatdırsa, dərhal peşəkarlara müraciət etməlidir: \ Həm quru, həm də bəlğəmli öskürək tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin əlamətləridir. Bu xəstələrin müalicəsində müxtəlif dərman preparatlarından istifadə edilir. Quru öskürəkdə öskürək əleyhinə preparatlar, bəlğəmli öskürəkdə isə bəlğəmgətiricilər daha effektlidir. Buna görə də özünümüalicə ilə məşğul olmaq və aptekdən həkim təyinatı olmadan öskürək əleyhinə preparatın alınıb qəbul edilməsi düzgün deyil. Çünki bəlğəmli öskürəkdə yalnız öskürək əleyhinə preparartların istifadə edilməsi öskürəyin dayanmasına və nəticədə tənəffüs yollarındakı bəlğəmin xaric edilməməsi nəticəsində xəstənin vəziyyətinin daha da pisləşməsinə səbəb olar. Onu da qeyd etmək lazımdır ki, öskürək əlamətdir. Ona səbəb olan əsas xəstəliyin aşkar olunub müalicə edilməsi lazımdır. Öskürəyin aradan qaldırılması üçün çoxsaylı kimyəvi preparatlar və türkəçarə üsulları var. Söylədiyiniz türkəçarə metodunun da xeyri var. Ancaq yenə təkrar edim ki, öskürək tənəffüs orqanlarının xəstəliklərinin əlamətlərindən biridir. Ona görə də öskürəyin səbəbini araşdırıb əsas xəstəliyi kompleks müalicə etmək daha effektli olar. Amma ümumi halda insanlar xəstələnməmək üçün soyuqdan qorunmalı, idmanla məşğul olmalı, orqanizmin immun qabiliyyətini normal səviyyədə saxlamaq üçün gündəlik qida rasionlarında meyvə-tərəvəzlərə üstünlük verməlidir\ .Xalid AZƏR