Payızda xəstəliklərdən necə qorunmalı


Baxıldı : 452

Tarix : 2015-10-30 05:13:00


Artıq payız fəsli özünü bütün xüsusiyyətləri ilə göstərməyə başlayıb. Gün ərzində hava şəraitinin bir neçə dəfə dəyişdiyinin şahidi oluruq. Təsadüfi deyil ki, payız fəslini həm də xəstəliklər fəsli adlandırırlar. Bəs payız fəslinin insan orqanizminə təsiri necədir? Bu suallarımızı cavablandırmaq üçün Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının assistenti Nüşabə Pənahova ilə əlaqə saxladıq. N.Pənahova dedi: \ Payız fəsli gələndə havanın soyuması, küləkli havalar orqanizmin soyuqdəyməsinə şərait yaradır. Bu cür orqanizmin immun sistemi zəifləyir, kəskin respirator virus xəstəliklərinin inkişafı üçün bir təməl, zəmin yaradır. Bu da öz növbəsində qrip, bronxit, astma, soyuqdəymə kimi xəstəliklərin yaranmasına səbəb olur və bununla da əlaqədar olaraq mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji hallarla tez-tez rastlaşırıq. Bu fəsildə insan özünü yorğun, halsız hiss edə, hətta bəzi hallarda yuxusuzluq, iştahsızlıq müşahidə oluna bilər. Bundan başqa, xroniki və depressiv xəstəlikər, hava-damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox büruzə verir”. Həkim xəstəliklərin yaranma səbəblərindən danışarkən onu da qeyd etdi ki, payız dövründə istilik sistemindən istifadə etdiyimizə görə evlərdə havanın quruması baş verir, bu da xəstəliklərin əmələ gəlməsi üçün bir şəraitdir: \ Otağın havası çox quru olarkən burunun selikli qişası quruyur və nəticədə mikroblar hava ilə tənəffüs yollarına daxil olur və tənəffüs sisteminin daha dərin hissələrinə keçə bilir. Bunun qarşısını almaq üçün gün ərzində bir neçə dəfə pəncərələri açmaqla təmiz havanın otağa daxil olmasına şərait yaratmaq lazımdır. Bundan başqa, immun sistemini möhkəmlətmək və virus infeksiyalarından qorunmaq üçün tez-tez təmiz havada gəzmək lazımdır\ .-Bəs bu fəslin xəstəliklərindən necə qorunmaq olar?-Payız mövsümünün gətirdiyi xəstəliklərdən qorunmaq üçün ilk növbədə dəyişən hava şəraitinə adaptasiya olmaq və ona uyğun geyinmək lazımdır. Gün ərzində bəzən səhər hava günəşli olur, günün ikinci yarısında havanın temperaturu birdən-birə dəyişir, aşağı enir. Əgər bu cür havaya uyğun geyinilməyibsə, bədənin də temperaturu aşağı düşür və soyuqdəymə baş verir. Nəticədə də bir sıra xəstəliklərin yaranmasına səbəb yaranır.Yoluxucu xəstəliklər kollektiv arasında, məktəblərdə və ya insanların sıx olduğu digər yerlərdə də çox yayılır. Bunun da qarşısını almaq üçün ictima nəqliyyatdan istifadə edən şəxslər evə gələrkən ilk növbədə əllərini və üzünü təmiz yumalıdırlar.N.Pənahova onu da qeyd etdi ki, xəstəliklərə yoluxmamaq üçün insan ilk növbədə normal dincəlməlidir. Bu fəsildə xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün qida rasionu da zəngin olmalıdır. Əsasən A və C vitaminləri ilə zəngin meyvə-tərəvəz yeməklə yanaşı, yumurta, ət, balıq, süd, qatıq kimi məhsullardan istifadə etmək məsləhətdir.Aliyə SƏMƏDOVA