Payızda  koronavirusun ikinci dalğası başlaya bilər


Baxıldı : 414

Tarix : 2020-07-27 04:08:19


 

Bir çox ölkədə koronavirusun ikinci dalğası artıq başlayıb. Bunu iyulun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib. Ölkəmizdə isə... Baş infeksionist Cəlal İsayev müxbirimizlə söhbətdə bildirdi ki, artıq müsbət tendensiya gedir. Sağalanların sayı yoluxanların sayını üstələməyə başlayıb. Əgər bundan sonra yoluxanların sayında artım müşahidə olunmasa, 500 nəfər həddində olan dövrü pik səviyyə adlandırmaq olar. Yox, əgər yoluxanların sayı yüksəlməyə doğru gedərsə, onda demək pik səviyyə hələ qabaqdadır.

C.İsayev əldə olunan müsbət nəticəni isə həm dövlətimiz tərəfindən tətbiq olunan sərt karantin qaydaları, həm də insanların bu qaydalara əməl etməsi ilə əlaqələndirdi. Artıq hər kəs bu xəstəliyə daha ciddi yanaşır və vəziyyətin ağırlığını dərk edir. Maska taxanların sayı nəzərəçarpacaq dərəcədə artıb. İnsanlar sosial məsafəni gözləməyə çalışır, bir yerə toplaşmaqdan çəkinirlər. Ümumiyyətlə, bütün sahələrdə dəyişikliklər görsənir. Müsbət nəticə əldə etdikcə karantin rejimində də yumşaldılmalar müşahidə edilir. Lakin koronavirus gözəgörünməz, təhlükəli düşməndir. Xəstəliyi yüngül keçirən şəxsin də son anda vəziyyəti ağırlaşa bilir. Arxayın düşməməliyik. Şəxsi gigiyena qaydalarına hər zaman əməl etməliyik.  
Baş infeksionist onu da qeyd etdi ki, “ Pandemiya ilə bağlı vəziyyətin ələ alınması çox mürəkkəb məsələdir. Bu haqda çox fərziyyələr irəli sürüldü, müxtəlif proqnozlar verildi. Lakin heç biri özünü doğrultmadı. Çünki hər gün yeni bir xüsusiyyəti meydana çıxır. Bu da peyvəndin tez bir zamanda hazırlanmasını çətinləşdirir. Bütün dünya alimləri bu haqda araşdırmalar aparır, genişmiqyaslı təhlillər edərək vaksinin qısa bir zamanda əldə olunmasına çalışırlar. Eyni zamanda Avropa alimləri xəstəliyin kliniki əlamətlərində zəifləmə müşahidə etdiklərini açıqlayıblar. Buradan belə bir ümid yaranır ki, koronavirus da “sars”, “mers”, “ebola” virusları kimi getdikcə zəifləyərək, gələcəkdə dünya səhnəsindən geri çəkilə bilər”. 
“Pik səviyyə minimuma enərsə, havaların soyuması ilə bağlı yoluxma sayı yenidən artarsa, Azərbaycanda payız aylarında koronavirusun ikinci dalğası başlaya bilər. Çünki payızda qrip və digər kəskin respirator viruslar geniş yayılır. Lakin, artıq ölkəmizdə epidemioloji vəziyyət nəzarətdədir. Getdikcə daha yüksək müsbət nəticələr əldə edəcəyimizə inaniram. Hər bir vətəndaşımızdan gigiyena qaydalarına daha ciddi şəkildə əməl etməyi, hər zaman məsuliyyətli olmağı tələb edirik. Yalnız bu zaman ikinci dalğanın geniş yayılmasının qarşısını ala bilərik”, - deyə C.İsayev bildirdi.
Gülöyşə MƏMMƏDLİ