Paytaxt yağış sularına qərq oldu


Baxıldı : 62

Tarix : 2017-10-14 03:43:47


Bir neçə gün yağan leysan yağışlar şəhərin bəzi yerlərində problemlər yaratdı. Hər il yollarda müvafiq tədbirlər görülməsinə, kanalizasiya sistemində təmir-bərpa işləri aparılmasına baxmayaraq, yenə də şəhər yağış suları altında qaldı.

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qəzetimizə müsahibə verdi. O, artıq profilaktik tədbirlərin aparıldığını dedi: "Ümumiyyətlə, qeyd edim ki, dünyanın heç bir ölkəsi təbii fəlakət, təbii hadisə qarşısında 100 faiz sığortalanmayıb, o cümlədən də bizim yollarımız. Ancaq çalışırıq ki, onun gətirəcəyi fəsadları minimal dərəcədə aşağı sala bilək. Bunun üçün də payız-qış mövsümünə hazırlıq məqsədilə tədbirlər planı hazırlanır. Və həmin tədbirlər planına uyğun olaraq yollarda müəyyən işlər görülür, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan sıradan çıxmış yağış-kanalizasiya sistemi təmizlənir, bərpa olunur, təmir işləri gedir, mühəndis qurğuları yoxlanılır, bütün yol infrastrukturuna aid nələr varsa-körpülər, tunellər-hamısında yoxlama işləri həyata keçirilir ki, hər hansı təbii hadisə, yəni sellə nəticələnən yağışlar olduqda bu fəsadları minimuma endirək.

A.Nəcəfli ölkə başçısının imzaladığı Sərəncama əsasən, fəsadların qarşısının alınması və yağış-kanalizasiya işinin təkmilləşdirilməsi ilə bağlı komissiya yaradıldığını da qeyd etdi: "Komissiyanın işinə uyğun olaraq da artıq "Azərsu" tərəfindən işlərə başlanılıb. Onu da qeyd edim ki, yağış yağdıqca sel suları əmələ gəlir. Sel suları da özü ilə bərabər müəyyən əşyalar, yəni zibil gətirir. Həmin əşyalar isə yol kənarlarındakı yağış barmaqlıqların arasına dolur və ona görə də artıq suyun ordan keçid, buraxılış qabiliyyəti çox aşağıya enir və nəticədə ərazidə qisamüddətli gölməçələr əmələ gəlir. O cümlədən də, avtomobil tunellərində".

“Azəravtoyol” ASC-nin rəsmisi bildirib ki, harada ki, problemlər var, çalışırıq ilk növbədə onu aradan qaldıraq: “Bu il yağış sularının Böyükşor gölünə axıdılması üçün Binəqədi şosesində 2,8 kilometr uzunluğunda yağış kollektoru çəkildi, həmin ərazilərdə su, qaz xətləri yeniləndi. Hazırda Ziya Bünyadov prospektində "Azərsu" tərəfindən işlər aparılır, yağış kollektoru çəkilir. Fəaliyyətimizi davam etdiririk”.

Aliyə SƏMƏDOVA