Paytaxtda qiymətlər ucuzlaşacaq


Baxıldı : 347

Tarix : 2015-03-14 03:00:00


Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı günlərində əhalinin əsas tələbat mallarına olan ehtiyaclarını qarşılamaq üçün satış yarmarkaları keçirəcək. Yarmarkalar paytaxtın bütün rayonlarının ərazisində və şəhər rayonlarında təşkil olunacaq. Yarmarkalarda ucuz malların satışını həyata keçirmək üçün hər 3 dövlət qurumunun əməkdaşlarından ibarət işçi qrupları yaradılıb. Onlar yarmarkalara təhkim olunacaq və orada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Murtuzəli Hacıyevin sözlərinə görə, yarmarkada satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. Bayram günlərində paytaxtda keçirilən satış yarmarkalarına bölgələrdən ərzaq məhsullarının daha çox gətiriləcəyini bildirir. Bayram ərəfəsində paytaxtın bütün yarmarkaları quş və mal əti, yumurta, süd, qatıq, qoz, fındıq, şabalıd, meyvə və tərəvəzlərlə daha çox təmin ediləcək. Nazirlik eyni zamanda paytaxt bazarlarında ət məhsullarının qiymətlərinin daha da aşağı salınması üçün müvafiq tədbirlərin görüləcəyini əmin edir.İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) bayram günlərində yarmarkalarla yanaşı, bazar və marketlərdə süni qiymət artımına qarşı mübarizə aparacaq. Nazirlikdən verilən xəbərə görə, respublikamızda kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsal hesabına təmin olunur və bu faktor özü təsdiq edir ki, qida mallarının bahalaşmasına iqtisadi əsas yoxdur. Bu gün elə məhsullar var ki, nəinki istehlakı tamamilə ödəyir, eyni zamanda xarici ölkələrə ixrac olunur. Valyuta bazarında baş verən son proseslərə baxmayaraq, həmin məhsulların bahalaşmasına səbəb ola biləcək iqtisadi faktorlar yoxdur. Qiymətləri artırmağa cəhd edən satış şəbəkələrinin bu əməlləri haqsız rəqabət hesab edilir və vəziyyətdən istifadə edərək daha çox qazanc əldə etmək niyyətlərinin təzahürü sayıla bilər. İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ədalətli rəqabət mühitinin qoruması və qiymətlərin sabit qalması üçün lazımi addımlar atacaq. ELBRUS