Peşəkar kadrlar çatışmadığı bildirilir


Baxıldı : 322

Tarix : 2015-03-06 02:22:00


Müxtəlif sahələrdə peşəkar kadrların çatışmaması ilə bağlı mütəmadi məlumatlar eşidirik. Əksər qurumlar, şirkətlər boş iş yerlərinin olduğunu, amma müasir tələblərlə uyğunlaşan işçilərin olmadığını vurğulayırlar. Artıq bir neçə ildir dövlət orqanlarında olan vakant yerlərə qəbul müsabiqə və müsahibə yolu ilə aparılır. Belə ki, dövlət qurumlarının verdikləri vakant yerlər əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya imtahan keçirir. Test imtahanı və müsahibədən ibarət olan imtahanda ən savadlı və peşəkar kadrlar seçilərək dövlət qurumlarına təqdim olunur. Amma artıq dəfələrlə vurğulanıb ki, bəzi dövlət qurumları vakant yerləri komissiyaya təqdim etməkdə maraqlı deyil. Bu günlərdə komissiyanın sədr müavini Vəfadar Misirov da bu problemin qaldığını vurğulayıb. Onun sözlərinə görə, bəzi dövlət orqanları struktur dəyişikliyi adı altında vakant vəzifələri Komissiyaya təqdim etmir: \ Bəzi dövlət orqanları struktur dəyişikliyi adı altında vakant vəzifələri Komissiyaya təqdim etmirlər. Ötən il ərzində Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası və digər bir neçə qurum struktur dəyişikliyini əsas gətirərək Komissiyaya heç bir vakant vəzifə təqdim etməyib. Bir il ərzində struktur dəyişikliyi nə dərəcədə davam edə bilər ki? Dəfələrlə müraciət etməyimizə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandığı gündən etibarən vakant vəzifələri Komissiyaya təqdim etməyib\ . Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov səsləndirilən iradlarla razı olmadıqlarını bildirdi: \ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi hər ay idarə rəisi Əfqan Şahmarovun imzası ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına məktub göndərir. Həmin məktubda vakant yerlərin olmadığı bildirilir. Əgər idarədə vakant yer yoxldursa, biz necə vakant yer verə bilərik. İdarə 2008-ci ildə yaranıb. Həmin vaxt dövlət qulluğuna 30 nəfər işçi qəbul edilib. Həmin müddətdən sonra isə nə işdən azad olunan olub, nə rəhmətə gedən, nə təqaüdə çıxan, nə də iş yerini dəyişən. İdarə formalaşan dövrdə işə götürülənlər hazırda da burada çalışır\ . N.Məcidov idarə formalaşarkən işçilərin necə işə götürülməsindən məlumatsız olduğunu vurğuladı: \ 2008-ci ildə idarə formalaşarkən işçilər işə qəbul edilib. İdarə formalaşarkən mən burada çalışmırdım. Mən 2009-cu ildə Prezidentin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşam. Həmin dövrdən indiyədək isə vakant yer olmayıb\ .Qeyd edək ki, \ Dövlət qulluğu haqqında\ qanunun tələblərinə uyğun olaraq həmin qurumlar vakant yerlər haqqında Komissiyaya mütəmadi məlumat verməlidir. 6-9-cu təsnifat üzrə vakant yerlər barədə DQMK-ya məlumat verilməsini qanun dövlət qurumlarının üzərinə vəzifə kimi qoyur. 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13 min 387 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Müsabiqə və müsahibələrdə 58 min 527 namizəd iştirak edib. Onlardan 5 min 485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib. 4 min 786 nəfər isə müvafiq vəzifələrə təyin olunub.Xalid AZƏR