Pensiyaç


Baxıldı : 358

Tarix : 2016-01-30 04:30:00


Pensiyaçı müəllimlər ehtiyac olarsa sanatoriya-kurort müalicəsi üçün haradan göndəriş (yollayış) almalıdırlar?Tahir MUSAYEV,Xaçmaz şəhəri.- Müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 29 fevral 2000-ci il №17 b3 qərarı ilə təsdiq edilmiş \ Məcburi Dövlət Sosial Sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu qaydaları\ haqqında qərarının 2.4 bəndinə əsasən, məcburi dövlət sosial sığortası üzrə pensiya alan pensiyaçılara həmkarlar ittifaqları təşkilatlarının məcburi dövlət sosial sığorta vəsaitləri hesabına alınan sanatoriya-kurort yollayışlarını, dəyəri tam və ya qismən ödənilməklə, vermək hüququ vardır.Yuxarıda qeyd edilənlərə uyğun olaraq bildiririk ki, Siz təqaüdçü müəllim kimi yollayış almaq üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinə ərizə və həkim arayışı ilə müraciət edərək qeydiyyata alına bilərsiniz. Növbəlilik prinsipi və həkim arayışı əsasında TİAHİ-in Nizamnaməsində qeyd olunan qaydada müvafiq yollayışla təmin oluna bilərsiniz.Yaxın qohumum xarici ölkədədir. Orada pasportunu itirib. Haraya müraciət edəcəyini bilmir. Xahiş edirəm, izah edəsiniz, belə hallar qanunvericilikdə necə tənzimlənir?Sahil ƏLİYEV,Bakı şəhəri.- Azərbaycan Respublikası vətəndaşlarına ölkədən getmək və ölkəyə gəlmək üçün pasportların-Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsi \ Pasportlar haqqında\ qanunla tənzimlənir.Azərbaycan Respublikası vətəndaşının pasportu vətəndaşın Azərbaycan Respublikası ərazisindən kənarda şəxsiyyətini təsdiq edən sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına adıçəkilən qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Qanunun 3-cü maddəsinə əsasən, pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və girov götürülməsi, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, qəti qadağandır. Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş onu verən dövlət orqanlarına müraciət etməlidir.Lakin sualınızdan məlum olur ki, hadisə xaricdə baş verib. Bu halda sizin qohumunuz dərhal Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Diplomatik nümayəndəliklər və ya konsulluqlar həmin vətəndaşları qısa müddət ərzində müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə ölkəyə qayıtmaq hüququ verən sənədlə təmin edirlər.Onu da qeyd edək ki, pasport itirildikdə təqsirli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyət daşıyırlar.Zaminlik müqaviləsi yazılı şəkildə bağlanmayıbsa, o, etibarlı sayılırmı?Vəli QULİYEV,Şirvan şəhəri.- Müqavilələrin anlayışı, şərtləri, onların növləri, bağlanması, forması, müqavilələr üzrə yaranan məsuliyyət və sair hallar Mülki Məcəllə ilə tənzimlənir. Zaminlik müqaviləsinə əsasən, zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.Mülki Məcəllənin 471-ci maddəsi zaminlik müqaviləsinin formasını müəyyən edir. Maddəyə əsasən, zaminlik müqaviləsi yazılı bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.Anamın xəstəliyi ilə əlaqədar qulluğa ehtiyacı var. Bunun üçün məzuniyyət götürmək istəyirəm. Lakin deyirlər ki, anama qulluq üçün əmək məzuniyyəti götürmək vacib deyil, ödənişsiz məzuniyyət deyilən məzuniyyətdən istifadə edə bilərəm. Belə bir məzuniyyət varmı? Mənə neçə gün ödənişsiz məzuniyyət verilə bilər?Sevda VƏLİYEVA,Şirvan şəhəri.- Əmək Məcəlləsində məzuniyyətin növləri müəyyən edilmişdir. Ödənişsiz məzuniyyətlər də işçilərə verilən məzuniyyətin bir növüdür. Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.Əmək Məcəlləsinin 130-cu maddəsində işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri və hansı hallarda verilməsi göstərilmişdir. Qeyd etdiyiniz halda ananıza xəstəliyinə görə qulluq etmək üçün tibb müəssisəsinin rəyini və ödənişsiz məzuniyyət götürmək üçün yazılı ərizənizi işəgötürənə təqdim etməlisiniz. Bu halda Sizə 14 təqvim gününədək ödənişsiz məzuniyyət veriləcək. Qeyd edilən maddənin \ h\ bəndində nəzərdə tutulur ki, ailənin xəstə üzvünə qulluq etmək üçün qohumlardan birinə onun xahişi ilə bir iş ilində səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.Torpaq sahəsi girov qoyula bilərmi?Mətanət SƏLİMOVA,Gəncə şəhəri.- Torpaq Məcəlləsinin 89-cu maddəsinə əsasən, ipoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri girov qoyula bilər.Yaşayış məntəqələrində ümumi istifadədə olan torpaqların, o cümlədən şəhərsalma qaydalarına uyğun olaraq binalar və tikililər ucaldılmasına yol verilməyən şəhər torpaqlarının, xüsusi mühafizə olunan ərazilərdəki torpaqların, habelə xüsusi istifadə şəraitinə malik zonalardakı sahələrin tərkibindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların ipotekasına yol verilmir.Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Torpaq sahəsinin bir hissəsi girov qoyulduqda, həmin hissənin sərhədləri girov qoyulmazdan əvvəl müəyyən edilməlidir.Onu da qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən girov qoyan (ipoteka qoyan) əsas öhdəliyi yerinə yetirmədiyi halda, girov (ipoteka) qoyulmuş torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada tutma yönəldilə bilər.Xarici hüquqi və ya fiziki şəxslə ipoteka müqaviləsi bağlayan zaman çox diqqətli olmaq lazımdır, çünki qanunvericiliyə görə, girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda, ipoteka müqaviləsində girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa mütləq əks etdirilməlidir.Torpaq sahəsinin girov qoyulmasının (ipotekasının) qaydaları Azərbaycan Respublikasının ipoteka haqqında qanunvericiliyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.Əmək şəraitinin şərtləri hansı hallarda dəyişdirilə bilər? Belə zərurət olduqda işçiyə məlumat verilməlidirmi?Xanım NƏBİYEVA,Sumqayıt şəhəri.- İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin ikinci hissəsinin \ c\ bəndində nəzərdə tutulan əsasla, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə xitam verilə bilər. Nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən Baş Məşğulluq İdarəsinə və onun yerli orqanlarına rəsmi məlumat verməlidir. Həmin orqan tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər (ƏM, maddə 56).