Pensiya yaşı artırıla bilər


Baxıldı : 262

Tarix : 2015-10-02 06:34:00


Ölkəmizdə təqaüd yaşı artırıla bilər. Bununla bağlı bu günlərdə mətbuata açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac var. Variantlardan biri kimi pensiya yaşının 65-ə qaldırılması ola bilər. Hazırda bu addımı zəruri edən bir sıra səbəblər var. Çünki Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmək peniyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda, onun daxilolmaları, xüsusilə də özəl sektordan ayırmalar azalır. Digər problem isə iş yerlərinin ixtisarı və əməkhaqqı fondunun kiçilməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökumətin qarşısında vəzifə kimi qoyulsa da, bu, o qədər də asan olmayacaq. Çünki dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olarar 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür, pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökumətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər.Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli isə mətbuata yaxın illərdə pensiya yaşının artırılmasının gündəlikdə olmadığını vurğulayıb. Komitə rəhbəri bildirib ki, parlamentdə bununla bağlı hər hansı layihə hazırlanmayıb, müzakirə aparılmayıb.Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 il göstərilir. Deməli, ömrünün 45 ilini işləyən şəxs cəmi iki il təqaüd ala biləcək. Əgər ömür vəfa versə…Xalid AZƏR