Pensiya yaşına çatan şəxslərin sənəd toplamasına ehtiyac qalmayacaq


Baxıldı : 32

Tarix : 2018-09-08 03:08:40


Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixdə imzaladığı “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə  xidmət edir.

  Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılmaqla, üç ay müddətində “e-sosial” internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin  fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək.

Belə bir portalın - “e-sosial” internet portalının yaradılması Azərbaycan Prezidenti tərəfindən  ötən ay imzalanmış “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat)  Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi önəm kəsb edir. Bu infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq.

 Bunun müsbət məqamlarından biri də odur ki, ölkədə pensiya yaşına çatan şəxslərin müxtəlif idarələrdən sənəd toplamasına ehtiyac qalmayacaq.

Belə ki, bununla bağlı vətəndaşın telefonuna SMS ilə xəbərdarlıq ediləcək və pensiyasının məbləği qeyd olunacaq.