Pensiyalar artırıla bilər


Baxıldı : 313

Tarix : 2015-02-28 03:08:00


Manatın məzənnəsinin dollar və avroya nisbətdə korreksiya olunması hökuməti qayğılandırdığından bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır.Tədbirlər sırasında əsas yeri qiymət bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımına qarşı mübarizənin aparılmasıdır. Hazırda iri supermarketlərin əksəriyyəti qiymətləri sabit saxlasa da, bir sıra orta və kiçik ticarət məntəqələri malların satış qiymətlərini 25 faizdən çox bahalaşdırıb. İqtisadçılar bu prosesin tədricən davam edəcəyini, yaxın vaxtlarda xaricdən idxal olunan malların növbəti partiyasının satışa çıxarılmasından sonra bahalaşmanın açıq şəkildə hiss olunacağını bildirirlər. Bu isə insanların real alıcılıq qabiliyyətinə, ilk növbədə onların istehlak səbətinə təsir edəcək.Bunu hökumət üzvləri də istisna etmirlər və artıq müəyyən hazırlıqlara başlanılıb. Bu problemin aztəminatlı ailələrin sosial həyatına təsirinin qarşısını almaq üçün pensiya sistemində müvafiq təhlillər aparılır. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, manatın məzənnəsinin dəyişməsi istehlak səbətinə təsir edəcəksə, bu, ilk növbədə, pensiya məbləğində nəzərə alınacaq və pensiyalar indeksləşdiriləcək. Bu isə pensiyaların artımı demək olacaq. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu məsələ ilə bağlı araşdırmalar aparacaq və ünvanlı sosial yardımın məbləğinə baxılacaq. ELBRUS