Perspektivlər nəzərdən keçirildi


Baxıldı : 54

Tarix : 2018-06-02 02:06:16


Mayın 21-də Afina şəhərində “Əməyin gələcəyi: həmkarlar ittifaqlarının perspektivləri” mövzusunda keçirilmiş konfrans Ümumyunan Əmək Konfederasiyasının (ÜƏK) 100 illik yubileyinə həsr edilmişdi.

Konfransa Avropa ölkələrindən həmkarlar ittifaqı mərkəzlərinin məsul işçiləri, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət olunmuşdular.

Konfransın açılış mərasimində ÜƏK-in sədri  Janis Panaqopulis qısa giriş sözü söylədi. Rəhbəri olduğu qurumun tarixi, fəaliyyəti və üzləşdiyi problemlər barədə məlumat verdi.

Tədbirin təşkilatçılarından olan Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visenti ÜƏK-lə əməkdaşlıqlarından danışdı. Bildirdi ki, bu təşkilatlarla gələcəkdə də müştərək tədbirlər keçirilməsi nəzərdə tutulub.

Baş katib konfransın gündəliyində duran məsələlərə də toxundu. Bildirdi ki, qlobal dəyişikliklər, əmək bazarında yaranan yeni işlərlə (peşələrlə) bağlı ortaya çıxan problemlər, aktual çağırışlar və sair məsələlər ətrafında müzakirələr aparacağıq. Həmkarlar ittifaqının perspektivlərini nəzərdən keçirəcəyik.

Yunanıstanın əmək və sosial müdafiə və sosial həmrəylik naziri Effi Axtsiolu tədbir iştirakçılarını ölkəsinin iqtisadi, əhalinin sosial durumu ilə məlumatlandırdı.

Videomesajla konfransın işinə qoşulan Beynəlxalq Əmək Təşkilatının Baş katibi Qay Rayder diqqəti son 20 ildə dünya iqtisadiyyatında və əmək sahəsində baş verən dərin dəyişikliklərə yönəltdi. Dedi ki, şiddətli qlobal rəqabət kontekstində sənaye sahələrində avtomatlaşma, rəqəmsallaşma prosesləri artır. Bu da əmək bazarında bərabərsizliyə, qütbləşməyə gətirib çıxarır. Konfransınız bu problemlərin çözülməsi, çıxış yollarının araşdırılması baxımından təqdirəlayiq olacaq.

Sonra konfrans işini panel iclaslarda davam etdirdi.

Tədbirdə Azərbaycandan Dəniz Nəqliyyatı İşçiləri Hİ Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, Metropoliten İşçiləri Hİ-nin sədri Arif Mərdanov və bu sətirlərin müəllifi iştirak edirdilər.

Əsmər MƏMMƏDOVA,

AHİK-in Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi