Peşə bayramı ilə əlaqədar tədbirlər


Baxıldı : 237

Tarix : 2017-12-27 19:07:52


Oftalmoloji aksiya

Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Ədliyyə Nazirliyində oftalmoloji aksiya keçirilib.

Mərkəzin müasir diaqnostik avadanlıqla təchiz olunmuş səyyar klinikasında 200-ə yaxın ədliyyə işçisi müayinə olunub, onlara zəruri tibbi məsləhətlər verilib.

***

İdman turniri

Ədliyyə Nazirliyi və Birləşmiş Həmkarlar İttifaqı Komitəsi birgə peşə bayramına həsr olunmuş futzal turniri keçirib.

Turnirdə nazirliyin müxtəlif qurumlarını, məhkəmə aparatlarını və hakim korpusunu təmsil edən 8 komanda iştirak edib.

Bakı Tennis Akademiyasında keçirilmiş turnirin oyunlarını futzal veteranları, o cümlədən keçmiş SSRİ və Azərbaycanın yığma komandalarının sabiq üzvləri, yarımfinal və final oyunlarını isə FİFA-nın peşəkar hakimləri idarə ediblər.

Noyabrın 18-də keçirilmiş final oyununda "Məhkəmə aparatı işçiləri" və "Tibb xidməti" komandaları qarşılaşıb, 300-dək azarkeşin izlədiyi oyunda penalti zərbələri ilə "Tibb xidməti" komandası qələbə qazanaraq turnirin qalibi elan olunub. Qaliblərə kubok təntənəli surətdə təqdim edilib.

Sonda turnirin ən yaxşı oyunçularına və ilk yerləri tutan komandalara fərqlənmə diplomları və medallar verilib.