Peşə kursları nə dərəcədə faydalıdır


Baxıldı : 341

Tarix : 2017-01-18 22:36:26


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarının real tələbləri nəzərə alınaraq qısamüddətli, çevik tədris proqramları əsasında işaxtaran və işsiz əhalinin peşə hazırlığına, yenidən hazırlığa və ixtisasının artırılmasına cəlb edilməsi və təhsilini başa vurduqdan sonra onların münasib işlə təmin olunması həyata keçirilir. Peşə hazırlığı kursları bir qayda olaraq Təhsil Nazirliyinin, tədris bazası olan müəssisə və təşkilatların, eləcə də Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilir.

Hazırda Məşğulluq Xidməti orqanlarında ənənəvi proqramlarla 55 müxtəlif peşə və ixtisas üzrə hazırlıq kursları fəaliyyət göstərir.

“Bu kurslar insanların məşğulluğunun təmin olunması baxımından nə dərəcədə səmərəlidir?" sualımızı cavablandırarkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov dedi ki, ƏƏSMN-də "Məşğulluq strategiyası" adlı layihə hazırlanıb. Layihənin hazırlanması məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunda QHT və həmkarlar ittifaqları da təmsil olunur. Onların hazırladığı sənəddə məşğulluğun təmin olunmasına yönələn xeyli tədbir nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının metodologiyasından istifadə etməklə dövlət məşğulluq xidməti artıq bir neçə ildir belə kurslar təşkil edir. Onun faydalı tərəfi odur ki, qısa müddətdə şəxs yeni bir peşə vərdişi əldə edir və ona uyğun da daha asan iş tapır. Yəni Dövlət Məşğulluq Xidməti işsiz şəxslərə hər hansı bir peşə, ixtisasa uyğun pulsuz kurslar keçməyi təklif edir. Həmin şəxslərə seçdiyi peşəyə uyğun kursu bitirdikdən sonra, müvafiq iş yerləri ilə təmin olunmasına yardım göstərilir: "Peşə kurslarının təşkilində müdavimlərin seçilməsi, qruplaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, işaxtaranların yeni peşələrə yiyələnməsi üçün onların əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri, eləcə də digər sosial-psixoloji faktorlar nəzərə alınmalıdır. Ancaq hazırda bu layihə nə dərəcədə effektlidir, bu kursların özünün metodologiyası, tədris planı necə düzgün qurulub, mən bu barədə məlumatlı deyiləm. Hər halda onu bilirəm ki, bu sahədə təkmilləşdirilməyə ehtiyac var və layihə kompleks şəklində həyata keçirilərsə, istənilən nəticəni əldə etmək olar".

"Kurslar bitdikdən sonra dövlət həmin şəxslərin qeydinə qalırmı?" sualını cavablandıran S.Məmmədov dedi ki, əgər onlar sonradan taleyin ümidinə buraxılacaqsa, bu məsələ öz mənasını itirəcək: "Eyni zamanda bu şəxslərin hər birinin təhsili üçün dövlət xeyli vəsait sərf edir və ona görə də mən hesab edirəm ki, əvvəlcədən bazarın tələbi öyrənilməli və ona uyğun müasir tələblərə cavab verən peşələr və ixtisaslar üzrə hazırlıq işinin təşkilinə şərait yaradılmalıdır".                                                 

Aliyə SƏMƏDOVA