Peşə məktəblərinin dövrün tələblərinə cavab verməsi iqtisadiyyatın inkişafına təkan olar


Baxıldı : 164

Tarix : 2018-05-12 03:49:43


Hazırda ölkədə 100-dən artıq peşə təhsili məktəbi fəaliyyət göstərir. İnsanlar peşə təhsili müəssisələrində təhsil almaqla əmək bazarında daha sürətli şəkildə işlə təmin oluna bilərlər. Hər il  qəbul imtahanlarında iştirak edənlərin 50 faizi ali məktəblərə qəbul ola bilmir. Bu şagirdlərin peşə məktəblərinə meyil etməməsinə səbəb nədir? Peşə təhsil müəssisələrinə marağı artırmaq üçün hansı addımlar atılmalıdır?

Vətəndaşların Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, bu müəssisələrə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlər həvəsləndirilməlidirlər.  Dövlət hər hansı bir quruma tender əsasında işçi sifariş verirsə, öz şərtlərində qeyd etməlidir ki, işçilərin neçə faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. 100-nün əvəzinə 20 texniki peşə məktəbi saxlayıb bazalarını gücləndirmək olar. Bundan başqa, ən əsası özəl peşə məktəblər arasında rəqabət mühitini daha da gücləndirmək lazımdır.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov hər il  orta məktəbləri yüz mindən çox gəncin bitirdiyinə diqqət çəkərək dedi ki, onların böyük əksəriyyəti uğurlu karyera qura bilmir: “Son bir ilin statistikasına nəzər salsaq görərik ki, ali məktəblərə qəbul üçün 80 min nəfər sənəd verib. Onlardan ancaq 50 faizi, yəni 40 min nəfəri ali məktəbə qəbul ola bilib. Qəbul olunmayan  bir hissə xarici ölkələrdə təhsilə üz tutur, bir hissə hərbi xidmətə yollanır, amma böyük sayda, yəni 20 minə yaxın şəxs növbəti il üçün yenidən ali məktəblərə sənəd verməyə hazırlaşır. Universitetlərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Əslində isə məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Çünki ali məktəbi bitirən şəxslərin hamısının  təhsilini başa vurduqdan sonra işlə təmin olunacaq deyə bir şansı yoxdur. Amma peşə təhsili alanlar hətta oxuduqları dövrdə belə işlə təmin oluna bilərlər. Məktəbi bitirən gənclərə bu, izah olunmalıdır”.

K.Əsədov problemlərə də toxunub.  Qeyd etdi ki, peşə məktəblərində, ümumilikdə 16 min nəfər təhsil alır.  Bu  deməkdir ki, peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə məktəblərinin infrastrukturu, maddi -texniki bazasının dövrün tələblərinə cavab verməsi orada hazırlanan kadrların peşəkar səviyyədə əmək bazarına daxil olmasına təminat verir.  Lakin bu faktdır ki, onların əksəriyyətinin infrastrukturu, maddi-texniki bazası 1970-80-ci illərdən qalıb.

Cənubi Koreyada və Finlandiyada əmək bazarının 40 faiz işçi qüvvəsini peşə məktəbləri verir. Amma Azərbaycanda, təəssüf ki, bu göstərici 2 faizdir.

Təhsil eksperti Nadir İsrafilov da peşə məktəblərinə marağın artırılmasını vacib hesab edir: “Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmamasından, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qalırıq. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirik və bununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün bu və ya digər məsələlər peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin daha da sürətlənməsinə şərait yaradır”.

Əsli ƏHMƏDOVA