Peşə standartlarının hazırlanması və tətbiqi günün aktual məsələsi kimi gündəmə gətirildi


Baxıldı : 1493

Tarix : 2019-03-15 16:36:53


“Kadr hazırlığı sisteminin əmək bazarında ixtisas bilikləri və bacarıqlarına olan tələblərlə uyğunluğunun təmin edilməsi aparılan islahatların mühüm bir istiqamətini təşkil edir. Peşə standartlarının tətbiqi isə əmək bazarında həmin tələblərlə bağlı institutlaşmış informasiya bazası formalaşdıracaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar nazirliklə Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi “Azərbaycanda peşə və kvalifikasiya standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın hazırlanması” mövzusunda seminarın açılışı zamanı bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək deyib ki, bu gün respublikamızda əmək bazarının dəyişməsi işçilərin səlahiyyətlərinin və peşə biliklərinin daim inkişafını tələb edir. İstifadə olunan peşə təsnifatları isə öz növbəsində tədricən köhnəlir, orada yeni peşələr ya yoxdur, ya da onların təsviri reallığa uyğun deyil. Kadr hazırlığı üçün sözsüz ki, peşə standartlarının hazırlanması dövrün tələblərindən biridir. Bizə məlumdur ki, bu günədək 300-dən çox peşə standartları hazırlanmışdır. Qeyd etməliyəm ki, belə vəziyyət yalnız Azərbaycanda müşahidə olunmur. Son 20 il ərzində dünyanın 100-dən çox ölkəsində milli peşə strukturu və milli peşə sistemi  yaradılması üzrə iş gedir. Onlardan yalnız 5-i Dünya Bankı və Avropa Şurasının proqramları çərçivəsində donor vəsaitləri hesabına həyata keçirilir.

C.Alxasov deyib, işsizliyin aradan qaldırılması üçün işçiləri, işəgötürənlərin tələblərinə uyğun, bacarıqlarla təmin etmək məqsədilə müasir peşə təhsili və təlimi sistemi, habelə yetkin şəxslər üçün təlim sistemi yaradılmalıdır. Sürətli iqtisadi dəyişikliklər dövründə yerli iqtisadiyyatda bacarıqlar üzrə indiki və gələcək tələblər müəyyənləşdirilməlidir.

Azərbaycan həmkarlar ittifaqları öz növbəsində kadr hazırlığı, peşə standartlarının işlənib hazırlanması, yeni texnologiyaların istehsalata tətbiqi nəticəsində əmək məhsuldarlığının artırılması sahəsində sosial partnyorlarla əməkdaşlıq etməyə hazırdır.

Türkiyə və Estoniyadan gəlmiş ekspertlər də bu sahədə öz ölkələrinin təcrübəsini tədbir iştirakçıları ilə bölüşdülər.

Tədbir panel iclaslarda peşə standartlarının hazırlanması, yenidən hazırlanması və tətbiqi prosedurlarına dair metodiki vasitənin müzakirəsi ilə davam etdi.