Peşəkar yanaşma ilə virus fürsətə çevrilə bilər


Baxıldı : 399

Tarix : 2020-06-12 06:00:26


Məlumdur ki, COVID-19 virusuna görə ən çox zərər görən sahələrdən biri də turizm sektorudur. Karantin rejiminin tətbiqi, sərhədlərin bağlanması, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi səbəbindən bir sıra turizm müəssisəsi fəaliyyətini bir müddətlik dayandırmalı oldu. Bu da təkcə sektordan gələn gəlirə deyil, orada çalışanların əmək fəaliyyətinə də mənfi təsirini göstərdi.

“Peşəkar yanaşma ilə virus fürsətə çevrilə bilər”. Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qəzetimizə verdiyi müsahibəsində bildirdi. M.Ağakərimov dedi ki, hazırkı vəziyyət turizm sahəsində bütün fikirləri daxili turizmə yönəltməlidir: “Çünki bu sektoru irəlilətmək istəyiriksə, ilk növbədə daxili turizmi inkişaf etdirməliyik. Məlumdur ki, pandemiya bitdikdən sonra insanlar getmə-gəlmə turizmindən çəkinəcəklər. O baxımdan da biz çalışmalıyıq ki, yaranmış bu problemdən çıxış yolu tapaq. Bunun üçün də aprel ayında AzTA-nın təşkilatçlığı ilə bütün turizm assosiasiyaları ilə birlikdə hamının bir platformadan çıxış edərək daxili turizmi inkişaf etdirməsi üçün memorandum imzalandı”. M.Ağakərimov bildirdi ki, Azərbaycan Turizm Assosiasiyası olaraq təklif etmişik ki, pandemiya dövründə, ümumiyyətlə, bütün məsələlərdə müxtəlif qurumların yekdil, vahid platformadan çıxış etməsi daha məqsədəuyğundur: “Bunun üçün ilk növbədə monitorinq qrupu yaradılmalıdır. Bu qrupa da təkcə turizm qurumları deyil, eyni zamanda səhiyyə və epidemiologiya qurumları, Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları cəlb edilməlidir. Otellərdə, istirahət və turizm mərkəzlərində, digər ictimai iaşə obyektlərində, turistlərə xidmət göstərən nəqliyyat vasitələrində mütləq şəkildə sanitar-gigiyenik normalara əməl olunmalıdır, dezinfeksiya işləri aparılmalı, bununla bağlı işçilərə treninqlər keçirilməlidir. Eyni zamanda istirahət mərkəzlərinin özləri də təşkilatçılıq məsələlərini yüksək səviyyədə həll etməli, nizam-intizamı gözləməli və pandemiyadan sonrakı dövrdə turizmin necə inkişaf etməsi, qonaqların necə qəbul edilməsi, onlara necə xidmət göstərilməsi məsələlərini mütləq nəzərə almalıdır. Və beləliklə də, insanlar artıq getdikləri yerlərdə epidemioloji vəziyyətin yüksək səviyyədə olduğunu bilməlidirlər”.

Müsahibimiz qeyd etdi ki, bu işə mütləq şəkildə peşəkarlar cəlb olunmalıdır: “Bilirsiniz, dövlət həmişə turizmə dəstək göstərir. Buna görə də turizm şirkətlərində turizm qurumları və bu qurumlara rəhbərlik edən orqanlar ilk növbədə peşəkarları bu işə dəvət edib yuxarıda qeyd etdiyim konsepsiyanı həyata keçirməlidirlər. Yəni strateji planlaşdırma nəzərdə tutulmalıdır, qiymətlər hər kəs üçün əlçatan olmalıdır. Bizim necə gözəl, səfalı regionlarımız var. Bütün bu kimi məsələlər öz həllini taparsa, əmin olun ki, heç kəs öz ölkəsindən kənara çıxmaq istəməyəcək. Bu da yeni iş yerlərinin açılması və ölkə büdcəsinin gəlirinin artması deməkdir”.

 

Aliyə SƏMƏDOVA